Digər idman növləri
Qadağa ləğv edildi, Cokoviç üçün şans yarandı
Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviç “US Open-2023”-də iştirak edə biləcək. Bu, dünən “Ağ Ev”in bəyanatından sonra məlum olub. Belə ki, ABŞ hökuməti COVID 19-a qarşı vaksin vurmayanların ölkəyə girişinə qoyulan qadağanı ləğv edib.
Xatırladaq ki, ABŞ-də qadağa 2021-ci ildə qəbul edilmişdi. Serbiyalı tennisçi pandemiyanın ilk günündən vaksinə qarşı çıxaraq xəstəliyin süni şəkildə yaradıldığına inandığını vurğulayırdı. Məhz ona görə də Cokoviç keçən il Amerikada keçirilən bütün turnirlərdən kənarda qalmışdı. Eyni səbəbdən serb tennisçi bu il Mayami və İndian-Velsdəki turnirlərdə də iştirak etməmişdi.
Bu il “US Open” avqustun 28-də start götürəcək. Ötən il turnirin qalibi Karlos Alkaras olub. Novak bu il artıq bir dəfə “Böyük Dəbilqə” seriyalı turnirdə çempionluq qazanıb. “Nole” ən çox sevdiyi Avstraliyada karyerasının 22-ci böyük titulunu qazanmaqla Rafael Nadala çatıb.