Ölkə futbolu
“Qarabağ” – Avropanın 4-cüsü
2022-23 mövsümündə milli çempionatlarda ən çox qələbə qazanan klubların siyahısı müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da sıralamada yer alıb.
Cari mövsüm çempionatda məğlubiyyət üzü görməyən Ağdam təmsilçisi keçirdiyi 28 matçın 23-də qələbə qazanmağı bacarıb. Bununla Qurban Qurbanovun kollektivi qitənin ən yaxşı 4-cü göstəricisinə imza atıb. Azərbaycan çempionu Avropanın 5 klubu ilə 4-9-cu yerləri bölüşdürür.
“Qarabağ” kimi “Benfika, “Barselona”, “Napoli”, “Arsenal” və TNS də eyni göstəriciyə nail olublar. 23 qalibiyyət əldə etmək üçün “Benfika”ya 26, “Barselona”ya 27, “Napoli”yə 28, “Arsenal” və TNS-ə isə 29 oyun kifayət edib.
Siyahıya “Seltik” başçılıq edir. Qlazqo təmsilçisi Şotlandiya çempionatında keçirdiyi 30 qarşılaşmanın 28-dən qalibiyyətlə ayrılmağı bacarıb. “Srvena Zvezda” (28 oyun) ilə “Reyncers” (30 oyun) hərəyə 24 qələbə ilə 2-3-cü pillələri bölüşdürür.
Qeyd edək ki, “Qarabağ” 28 turdan sonra 74 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.