Ölkə futbolu
“Qarabağ”ın yeni transferi “Olimpiya” ilə matçlarda olmayacaq
“Qarabağ” yeni transferi Matues de Barros da Silva “Olimpiya” ilə matçlarda oynamayacaq. O, Avropa Liqasının pley-off matçları yekunlaşandan sonra ağdamlılara qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, Plovdiv “Lokomotiv”indən transfer edilən sağ cinah oyunçusunun transferi ilə bağı danışıqlar tamamlanıb. Müdafiəçi qarşıdakı iki ili ölkəmizdə keçirəcək. Onun gecikməsinin səbəbi isə Bolqarıstan klubunun xahişidir. Plovdivlilər futbolçunun iyulun sonunadək düşərgədə qalmasını, yeni oyunçu transfer edənədək komandaya kömək etməsini istəyib.
“Qarabağ” danışıqların pozulmaması üçün bu varianta razılaşıb. Zatən başqa şans da yox imiş, əks halda keçid alınmayacaqmış. Onsuz da Mateusun komandaya uyğunlaşmasının vaxt alacağını bilən təmsilçimiz istəklə razılaşıb. Lyublyana klubu ilə matçlardan sonra braziliyalı ölkəmizə gələcək və həm çempionatda, həm də qitəmiqyaslı yarışların qrup mərhələsində ağdamlılara kömək edəcək.
Marko Veşoviçə alternativ olaraq düşünülən 25 yaşlı oyunçu dünən Bolqarıstan çempionatında meydana çıxıb. Cəlal Hüseynovun formasını geyən “Arda” ilə qarşılaşmada 90 dəqiqə meydanda olan braziliyalı 1:0 hesablı qələbəyə sevinib. Həmyerlimizin 88-ci dəqiqədən çıxış etdiyi qarşılaşmada qazanılan 3 xal plovdivlilərə zirvəyə şərik olmağa imkan verib.