Ölkə futbolu
Qiqaurinin “qələmi qırıldı” – oynamayacaq
Merab Qiqaurinin “Qəbələ” karyerası erkən başa çata bilər. Ötən tur heyətə daxil edilməyən gürcü yarımmüdafiəçiylə bağlı problem ortaya çıxıb.
Ötən yaydan “qırmızı-qaralar”a qoşulan futbolçu bu müddətdə əsas heyətin dəyişilməz üzvü olub. Lakin 2020-ci il başlayanı o, özünə bənzəmir. Elə bunun nəticəsidi ki, “Neftçi” ilə matçda baş məşqçi Elmar Baxşıyev onu start heyətindən kənar qoydu. Çalışdırıcı rəhbərliyə gürcünü ümumiyyətlə, oynatmayacağını deyib. 26 yaşlı legionerdən narazılığını izah edən Baxşıyev klub nümayəndələrindən dəstək alıb.
Merabın oyun intizamına əməl etməməsi, taktiki tapşırıqlara əməl etməməsi Elmar bəyi razı salmır. Artıq futbol camiəsində Qiqaurinin bilərəkdən zəif oynaması barədə söz-söhbətlər də dolaşır. Şaiyələr müxtəlif yönlüdü, tədbiri baş məşqçi özü gördüyündən təfərrüatlara varmağa gərək yoxdu. Amma Merabın çox istedadlı olduğunu, lakin bu düşüncə ilə “Qəbələ”yə xeyir verməyəcəyini də qeyd etməliyik.
Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib və ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.