Müsahibə
Rahid Əmirquliyev seçim edir: “Kuboku qazanıb Premyer Liqadan düşmək istəmərəm”
“Səbail”in kapitanı Rahid Əmirquliyev futbolinfo.az saytına müsahibə verib. O, son turda “Sabah”a 0:4 hesablı məğlubiyyəti şərh edib, eyni zamanda aldığı ilk qırmızı vərəqədən danışıb.
– Acı məğlubiyyət idi. Baxmayaraq ki, çətin olacağını bilərək oyuna yaxşı hazırlaşmışdıq. “Sabah” bu mövsüm əla çıxış edir. Bizim isə liqadakı vəziyyətimiz yaxşı deyil, xal qazanmalı idik. Amma matça çox pis başladıq, erkən qollar buraxdıq. Məhz bu qollardan sonra oyunu çevirmək çətin məsələ idi. Həm rəqib buna imkan vermədi, həm də erkən qollardan sonra komandada özünəinam itdi. Sonda da 0:4 hesabı ilə uduzduq.
– Azərbaycan kubokunda bu rəqibi mübarizədən kənarlaşdırmışdız. Düşünmürsən ki, sanki “Sabah” həmin məğlubiyyətlərə görə daha aqressiv görünürdü?
– Düşünmürəm ki, “Sabah” həmin oyuna görə bu matça aqressiv, qeyri-adi formada çıxmışdı. Bundan əvvəlki oyunlarda çıxış edən komanda idi. Kubokdakı matçların bu qarşılaşmaya heç bir aidiyyatı yox idi. İkinci hissədə nəyisə dəyişmək istədik, amma “Sabah” kimi komanda ilə böyük fərqi aradan qaldırmaq müşkül məsələdir. Qolları da fərdi səhvlərdən buraxdıq.
– Şahin Diniyevin gəlişindən sonra cəmi 1 qələbə var və komanda sonuncu yerdədir. Necə düşünürsən: vəziyyəti dəyişmək üçün nə etmək lazımdır?
– Yeni baş məşqçi gələndən sonra 3 oyundan ikisində uduzub, birində qalib gəlmişik. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. İkinci yarı yeni başlayıb, qarşıda oyunlarımız çoxdur. Hər şey öz əlimizdədir. Bu vəziyyətdən çıxmaq üçün komandamızın gücü və şəraiti var. Sonuncu pilləni tərk edə bilərik. Baş məşqçi nə etmək lazım olduğunu yaxşı bilir. Təcrübəli məşqçidir, inanıram ki, istədiyimizi edə biləcəyik.
– “Sabah”la matçda aldığın qırmızı vərəqəyə layiq idin?
– Bu, mənim Premyer Liqada ilk qırmızı vərəqəm oldu. Karyeramda bu da baş verdi. Amma hakimin qərarı doğru idi. Düşünürəm ki, orda ikinci “sari” var idi.
– Ümumiyyətlə, “Səbail” mövsümün sonunda hansı pillədə olacaq?
– Hələ ki, sonuncu yerdəyik. Amma turnir cədvəlinə baxanda yuxarıdakı 3-4 komanda ilə aramızda böyük fərq yoxdur. Bunu aradan qaldırmaq üçün bir qələbə də bəs edir. Ağır oyunlarımız var, çətin olacaq, amma bunu bacaracağımıza inanıram.
– Həm kubokda yolunuza davam edirsiz, həm də çempionatda sonuncu yerdən xilas olmağa çalışırsız. Seçim etsəydin, liqada sonuncu yerdən xilas olmağı, yoxsa kuboku qazanmağı seçərdin?
– Seçim olsaydı, ikisin də seçərdim. Həm kubok qazanmaq, həm son pillədən qurtulmaq istəyərdim. Lakin ikisindən biri seçiminə gəlincə, istəməzdim ki, kuboku qazanıb, Premyer Liqadan düşək. Premyer Liqada qalmaq daha vacibdir. İkisində də uğurlu olmağa çalışacağıq. Var gücümüzlə liqada yuxarı pillələrə qalxmaq üçün oynayacağıq.
– Qarşıda “Zirə” ilə ağır oyun var. Səncə, bu matçda qələbə qazana biləcəksiz?
– Çempionatın bütün oyunları ağır keçir. “Zirə” ilə matç da çətin olacaq. Onlar avrokuboklar üçün oynayır. Gərgin qarşılaşma keçəcək. Üstünlüyümüz odur ki, rəqibi evdə qəbul edirik. Bütün komandalara qarşı oynamaq üçün gücümüz var.
ABBAS