Dünya futbolu
Robinyo cəzasını vətənində çəkəcək
“Real”ın sabiq futbolçusu Robinyo zorlamaya görə aldığı həbs cəzasını Braziliyada çəkəcək.
2017-ci ilin noyabrında 40 yaşlı braziliyalı İtaliya məhkəməsi tərəfindən İtaliyada qrup şəklində zorlamaya görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2022-ci ilin yanvarında futbolçunun apelyasiya şikayəti rədd edilib. Daha sonra həmin ilin fevral ayında İtaliya prokurorluğu Robinyonun həbsi üçün beynəlxalq order verib.
Ötən gün isə Braziliya Ali Məhkəməsinin iclası keçirilib. Kollegiya səs çoxluğu ilə futbolçunun cəzasını vətənində çəkməsi ilə bağlı qərarı təsdiqləyib. Sabiq futbolçunun vəkillərinin apellyasiya şikayəti verə biləcəyi də vurğulanır.
Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanıma qrup şəklində təcavüz edib. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Lakin həmin vaxt “Milan” klubunda çıxış edən “sambaçı” günahını etiraf etməyib.