Ölkə futbolu
“Şəmkir” yeni mövsümə hazırdır
Yeni yaradılan futbol üzrə II Liqada “Şəmkir” də yarışacaq. Yeni çempionatda eyniadlı rayonu təmsil edəcək kollektiv uğurlu yarışaraq vaxtilə ölkə çempionu olmuş komandaya əvvəlki əzəmətini geri qaytarmağı qarşısına hədəf qoyub.
Futbolinfo.az xəbər verir ki, ötən mövsüm “Qala” adı altında həvəskar səviyyədə keçirilən Region Liqasında mübarizə aparan komanda artıq “Şəmkir” adıyla peşəkar klub olaraq fəaliyyətini davam etdirəcək.
Komanda iyuldan məşq prosesinə start verib və heyətini demək olar ki, formalaşdırıb. Kollektivə 22 oyunçu qoşulub və onların əksəriyyəti Gəncə və Şəmkirdəndir.
Çempionatda iştirak üçün AFFA bütün klublar kimi “Şəmkir”ə də maliyyə dəstəyi göstərəcək. Qurum mövsüm üçün komandaya 50 min manatlıq maddi dəstək verir. Ancaq bu ilboyu xərclər üçün kifayət etmir. Bu səbəbdən klubun sponsora ehtiyacı var.
Yeni təsis olunan II Lqada 14 komanda mübarizə aparacaq. Qərb bölgəsindən yarışda “Şəmkir”lə yanaşı, “Göygöl” kollektivi də iştirak edəcək. Çempionata sentyabrın əvvəlində start veriləcək.
BƏHRUZ MUSAYEV, ŞƏMKİR