Ölkə futbolu
“Sabah” yaralanmış pələngdir”
“Səbail”in baş məşqçisi Şahin Diniyev növbəti turda da qələbə arzulayır. O, “Sabah”la oyunun asan keçməyəcəyinin fərqindədir, lakin qələbə seriyasının davamını arzulayır.
Təcrübəli mütəxəssis futbolinfo.az saytına açıqlamasında “Sabah”la bağlı maraqlı bənzətmə edib: “Bizim üçün hər oyun final matçı kimidir. “Sabah” bu gün yaralanmış pələngdir. Yaxşı məşqçisi, oyun sistemi, səviyyəli futbolçulardan qurulmuş heyəti var. Sadəcə, uzun zamandır bəxtsizliklə üzləşiblər. “Sabah” bizə qarşı elə bir futbol oynayacaq ki, artıq itirəcəyi bir şey yoxdur. Bizi ağır görüş gözləyir”.
Diniyev rəqibin favorit sayıldığını deyir: “Sabah”, həqiqətən, səviyyəli komandadır. Belə götürsək, kağız üzərində “Sabah” favorit sayıla bilər. Ancaq bu, futboldur, hər şey mümkündür. Biz də çalışacağıq ki, yaxşı oyun sərgiləyək və uğurun davamını gətirək. “Sabah”la matç bizim üçün tramplindir. Bu görüşdən sonra daha bir oyun keçirəcəyik, ardınca milli ilə əlaqədar çempionatda fasilə yaranacaq və zədəlilərimizin tam sağalması üçün yaxşı imkan əldə edəcəyik”.