Ölkə futbolu
“Şamaxı”dan natamam qərar: müqavilənin müddəti və köməkçilər yaddan çıxıb
“Şamaxı” dünən rəsmi açıqlama yayaraq məşqçilər heyətini təqdim etdi. Məlumatda Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə baş məşqçinin köməkçiləri kimi münasibətlərin rəsmiləşdiyi vurğulandı.
Amma bu məlumat tam dolğun deyil. Maliyyə şərtlərinin açıqlanmaması normaldı, amma anlaşmanın müddəti haqda heç bir məlumat yoxdu. Əsas və vacib məqam…
Bundan başqa, komandanın sabiq baş məşqçisi Rüstəm Əliyevin köməkçiyə çevrildiyi aydınlaşsa da, vaxtilə onun yardımçısı olanların aqibəti bəlli deyil. Zaur İsmayılovla qapıçı məşqçisi Cəmaləddin Əliyevin taleyi haqda bilgi verilmir. Düzdü, onların klub akademiyasında çalışacağı deyilir, lakin rəsmiyyətdə heç bir məlumat yoxdu.
Əlavə olaraq, komandada işə başlamış Anar Niftəliyevin təyinatı da rəsmiləşməyib. Hazırda qapıçı məşqçisi olmayan “Şamaxı”da bu şəxs iş başında olmalıdı. Amma onun təyinatı yubanır – digər köməkçilərlə bağlı bilgi verilir, Niftəliyevsə “yaddan çıxır”. Kim bilir, bəlkə qadın futbolçularla işləmiş Vüqar Əsgərli universallığını yada salıb qapıçıları da özü hazırlaşdıracaq. Çünki zatən o, formal baş məşqçidi, komanda B kateqoriyalı Cavid Hüseynova həvalə edilib.
Digər rəsmiləşməyən təyinat Miloş Yevtiçlə bağlıdı. Tiflis “Dinamo”sunda baş məşqçi Kaxaber Tsxadadzenin köməkçisi olan serb əvvəllər ölkəmizdə işləyib, indi də “Şamaxı”nın düşərgəsindədi. O, komandanın fiziki hazırlığına cavabdehdi. Rəsmi qərarlarda adı olmayan bu məşqçinin də taleyi qeyri-müəyyəndi.