Digər idman növləri
Türk basketbolçuların komandalarından növbəti uğursuzluq
MBA-da bu gecə 11 oyun keçirilib. Pley-in zonasında möhkəmlənən “Qolden Steyt Vorriors” bu dəfə Vaşinqton səfərində qələbə qazanıb – 123:112. Stiv Körri karyerasında ilk dəfə olaraq böyük fasiləyə qədər xal toplamayıb. Buna baxmayaraq, ikinci hissəni əla keçirən ulduz basketbolçu 18 xalla qələbədə böyük rol oynayıb.
Klivlenddə son saniyədə Strusun qələbə atışı ilə “Dallas Maveriks” məğlubiyyətə uğradılıb – 119:121. Qonaqların lideri Luka Donçiçin aktivində 45 xal var. Onun tripl-dabl etməsi üçün 1 ribaund çatmayıb.
Bostonda “Seltiks” çətinlik çəkmədən “Filadelfiya Siksers”ə 117:99 hesabı ilə qalib gəlib. Ceylon Braun 31, Ceyson Teytum isə 29 xalla oynayıb.
Qərb konfransında pley-in zonasına düşməyə çalışan “Yuta Caz” Atlantada məğlubiyyətlə üzləşib – 97:124. Konfransın lideri “Minnesota Timbervulvs” isə autsayder “San Antonio Spörs”dən üstün olub – 114:105. Qonaq komandanın türk basketbolçusu Cedi Osman 10 xal toplayıb.
Digər türkiyəli basketbolçu Alperen Şengünün komandası da məğlub olub. “Rokets” səfərdə “Oklahoma-Siti Tanders”in qarşısında aciz qalıb. 112:95 hesabı ilə bitən görüşdə Alperen dabl-dabl edib. 23 xal toplayan Şengün komandasının ən məhsuldar basketbolçusu olub.
“Çikaqo Buls” – “Detroyt Pistons” oyununda qonaqlar qalib gəliblər – 105:95. “Miluoki Baks” Şarlot komandası ilə oyunda bütün suallara böyük fasiləyə qədər aydınlıq gətirib. İki period ərzində 26 xallıq üstünlük yaradan meydan sahibləri sonrakı müddətdə qənaət rejimində oynayaraq növbəti qələbəni qazanıb – 123:85. Görüşün bəzi məqamlarında “Baks”ın üstünlüyü 40 xaldan artıq olub. Antetokumbo oyunu 24 xalla tamamlayıb.