Ölkə futbolu
Xankəndidə İstanbul derbisi?
Futbol üzrə Türkiyə Super Kuboku uğrunda “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında keçirilməli olan oyunun Azərbaycanın Xankəndi şəhərində təşkil olunması təklif edilib.
Futbolinfo.az xəbər verir ki, bu təklifi türkiyəli siyasətçi, keçmiş millət vəkili və Türkiyədə prezidentliyə keçmiş namizəd olan Sinan Oğan irəli sürüb.
O, sosial şəbəkə hesabında bu sözləri yazıb: “Mütləq ölkə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm. Əks halda bu final paytaxta yaraşar”.
Xatırladaq ki, ötən gecə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməli olan Türkiyə Super Kuboku uğrundakı oyun baş tutmayıb. Buna ərəblərin Türkiyə klublarına müxtəlif qadağalar qoyması səbəb olub. Hazırda bu hadisə bütün dünya mətbuatının gündəminə çevrilib.
Hazırda Türkiyə Futbol Federasiyası bu oyunun harada keçiriləcəyinə dair müxtəlif variantları gözdən keçirir. Qarşılaşmanın Azərbaycanda təşkili də yenidən gündəmə gəlib. Lakin Sinan Oğanın təklif etdiyi Xankəndi variantı o qədər də inandırıcı görünmür. Çətin ki bu komandalar Xankəndi şəhər stadionunda oynamağa razılıq versinlər. Çünki süni örtüklü meydançadır. Hətta “Qarabağ”la MOİK belə sözügedən arenada oynamaqda çətinlik çəkirdilər. Amma istənilən halda təklif olaraq maraq doğurur. Bəlkə də gələcək üçün nəsə düşünmək olar.