Ölkə futbolu
“Xasiyyəti problemdir” – həmyerlisi Kindən danışdı
İrlandiyalı jurnalist Emmett Malone Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olan Roy Kin haqqında fikirlərini açıqlayıb. O, futbolinfo.az-a Kinin qalmaqallı məşqçi olmasından, komandalarda futbolçularla problemlər yaşamasından söz açıb:
“Futbol barədə çox şey bilir. İrlandiya millisində gənc oyunçuları yaxşı tanıyırdı və oyunçular onun haqqında müsbət danışırdı. O, bir çox dünya ulduzları ilə birlikdə “Mançester Yunayted”də çıxış edib. Onlara məxsus olan standartları var və meydandan kənarda, yaxud meydanda bu standartlara cavab verməyən futbolçularla mübarizə aparırdı. Məşqçi olduğu komandalarda futbolçularla qarşıdurma yaşaması onun haqqında mənfi rəylər yaradır. Çox çətin xarakterə malik, eyni zamanda məzəli, ağıllı və xarizmatik ola bilər. Amma bəzən də çox davakar ola bilir. Klaf və Fergüson kimi sərt məşqçiləri olub – hansılar ki, onları məyus edən oyunçuları ələ salırdılar. Belə görünür ki, Kin də bu üsuldan istifadə edir”.
Malone Kinin 9 ildir ki, baş məşqçi kimi işləyə bilməməsinə də aydınlıq gətirib: “İpsviç”də işlədikdən sonra yaxşı təklif gəlmədi. O, sonra televiziya proqramlarına başladı. Azərbaycan millisində uğurlu olub-olmayacağına gəlincə, yaxşı məşqçi olmaq üçün onda bacarıqlar var. Lakin xasiyyəti problemdir. Eyni zamanda onun çox yüksək səviyyəli futbolçularla işəmək bacarığı var”.