Ölkə futbolu
“Yığmaya əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir”
Milli komandamızın sabiq futbolçusu Ruslan Qurbanov əcnəbilərin əleyhinədir. Vaxtilə bir sıra klublarımızın formasını geymiş hücumçu yığmanın yerli məşqçiyə tapşırılmasını istəyir.
Karyerasını erkən bitirən Ruslanun futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb: “Xarici məşqçi gətirməkdə məna görmürəm. Əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir, bunun millinin nəticələrinə müsbət təsiri olmayacaq. Təbii ki, ən doğru qərarı AFFA verəcək. Kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan yığmasına uğurlar arzu edirəm. Mən yeni çalışdırıcının yerli olmasının tərəfdarıyam”.
Qurbanov yerli kadrlara güvənilməsini istəyir: “Azərbaycanlı məşqçilərə şans vermək, onların inkişafına nail olmaq lazımdır. Məsələn, bir müddət əvvələdək azərbaycanlı futbol hakimlərini beynəlxalq oyunlara dəvət etmirdilər. Amma indi azərbaycanlı referi “Mançester Siti”nin də oyununa təyinat alır. Bu da onu təsdiqləyir ki, özününküləri inkişaf etdirməlisən”.