Dünya futbolu
“Yuventus” prezident oğlunu alır
“Yuventus” Liberiya prezidentinin övladını transfer etməyə hazırlaşır. Turin klubu Corc Veanın oğlu ilə anlaşmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, ABŞ yığmasının üzvü olan Timoti Vea “Yuventus”la şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb. Geriyə yalnız hücumçunun məxsus olduğu “Lill”i razı salmaq qalıb. Fransa klubuna 12 milyon avroluq təklif göndərilib və keçidin həll olunması üçün böyük əngəl yoxdur.
2019-cu ildən “Lill”in şərəfini qoruyan 23 yaşlı Tomoti gələn yay azad agent olacaq. Bu səbəbdən fransızlar elə indi onu satmağa razıdır.
Xatırladaq ki, Timotinin atası Corc Vea vaxtilə “Yuventus”un əsas rəqiblərindən olan “Milan”ın formasını geyib. 1995-2000-ci illərdə A Seriyasında xarüqələr yaradan sabiq hücumçu indi turinlilərə azarkeşlik etməli olacaq.