Ölkə futbolu
"Qəbələ"nin "səhv ünvan"ı
"Kişi sözü" filmində Qasım sevdiyi Solmazgilə …
"Kişi sözü" filmində Qasım sevdiyi Solmazgilə gələndə onu atası Nəbi kişi qarşılayır. Tərəflər masa arxasına əyləşdikdən sonra qəfildən xoruz ağacdan stolun üstünə tullanır. Elə bu vaxt Qasımla Nəbi kişi arasında maraqlı və həqiqəti əks etdirən dialoq yaranır:
– Xoruz… Cinsi kişidi. Yalandan boş yerə banlamaz. Deyirəm xoruz əti yesək, bəlkə…
– Oğul, keçmişdə ağıllı oğlanlar istədiyi qızın evinə ayaq basmazdılar, onun atasıyla tay-tuş kimi danışmazdılar. Elə indi də adətimiz belədi.
– Keçmişdə sözünün sahibi olmayanları da kişi hesab etməzdilər. Elə indi də adətimiz belədi. Bu gün özümə söz vermişdim ki, Solmazgilə gedim. Dedim də, etdim də. İncimə, Nəbi dayı. Bağışla…
"Qəbələ"nin abırlı oğlanları da İvaylo Petevə elçi getmişdi. Klub rəsmiləri Petevin "hə"sini alıb, şirinçayını da içmişdilər. Razılığa əsasən bolqar bu gün ölkəmizə gəlib, "qırmızı-qaralar"la 2 illik "nigah"a qol çəkməliydi. Hətta rəhbərlik onu ictimayyətə tədqim edəcəyi "restoranı" və saatı da dəqiqləşdirmişdi. Ancaq son anda İvaylo başqasına – AEL-ə qoşulub, qaçdı. "Qəbələ" də yazdığı dəvətnamələri cırıb, tullamağa məcbur oldu.
Bununla da "Qəbələ"nin Petevlə "nigah"ının baş tutacağı yerə verdiyi beh də batdı. Bu məbləğ əyalət klubu üçün elə də ciddi rəqəm deyil. Bunu zamanla kompensasiya etmək olar. Ancaq Avropa Liqasının startında baş verəcək uğursuzluğu heç kim sığortalaya bilməycək.
Bolqar çalışdırıcının "Qəbələ"yə "atdı"ğını, klubda hələ də baş məqçi postunun boş qaldığını nəzərə alsaq, komandanın tarixində ilk dəfə iştirak edəcəyi qitəmiqyası yarışda fiaskosu qaçılmazdı. Klub rəhbərliyi vaxtın bir göz qırpımında keçdiyini nəzərə alaraq, çox güman tez-tələsik qərar verib, başqa bir namizəd tapıb, onunla razılaşacaq. Ancaq bu tələsik qərarın "Qəbələ"yə nə dərəcədə xeyirli olacağını indidən demək çox çətindi. Çünki mövsümün sonunda komandanı çoxlu sayda futbolçu tərk edib. Komandada əsas heyətdən 6-7 futbolçu qalıb. Bu boşluğu doldurmağın özü də xeyli zaman alacaq. Komandanın heyətinə cəlb olunacaq futbolçuların adaptasiyasına da vaxt lazım olduğundan vəziyyət daha da mürəkkəbləşə bilər.
Petev "Qəbələ"yə söz vermişdi. Bu sözün kişi sözü olub-olmadığını müəyyən etmək bir o qədər də çətin deyil. Məhz onun son anda vədindən dönməsi "Qəbələ"də aləmi bir-birinə qatdı. Əslində bu işdə "Qəbələ"nin də səhlənkarlığı var. Klub adət-ənənəmizə sadiq qalmadı. Bölgə təmsilçisinin başbilənləri elçiliyə getməmişdən öncə elçi düşdükləri şəxsin nəsil-əcabətini araşdırıb, ətraflı məlumat öyrənməliydilər. Caamat içində, mətbuat konfransında soyundurulmuş şəxsə elçi getmək bizim mentaltetimizə yaraşmır axı…
Kişi sözü filmində Qasım ürəyini boşaltmaq üçün Nəbi kişinin yanına gəlir. Bəs, "Qəbələ" rəsmiləri nə etsin? Bolaqarın bir ağsaqqalı da yoxdu ki, klub rəsmiləri gedib, onunla söhbət edib məsələnin həlli yolunu tapsın. Nə etmək olar axı? Bu işlər belədi də… Məhhəbbət olmayanda…
EMİN SƏFƏROV
P.S. Petevin adı hələ Bolqarıstan "Botev"i ilə yanaşı çəkilməyə başlayarkən bolqarların işbazlığından, necə fırıldaqçı olduqlarından bəhs etmişdik. Görünür, İvaylo da bolqarların vizit vərəqinə uyğun hərəkət etməklə heç kimi təəccübləndirmək istəmədi. Bolqar bibəri güman etdiyimiz kimi, şirin çıxmadı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir