Ölkə futbolu
"Qarabağ"a "İmarət"in adına yaraşan dəstəyi verəcəyik"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Maltanın "Valletta" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, matça yetərincə diqqət var.
Ötən illərdən fərqli olaraq, "Qarabağ"ın ən yaradıcı azarkeşlərinin bir araya gəldiyi "İmarət" fan-klubu bu dəfə ikinci sektordan komandalarına dəstək olacaqlar. Bununla bağlı "Valletta" ilə səfər oyunundan sonra təbliğat da aparılıb. Digər sektorlardan fərqli olaraq, 2-ci sektorda tamaşaçılar yox, yalnız azarkeşlər olacaq. Bu da istər-istəməz Tofiq Bəhramov adına Respublika stadionunda xüsusi nəzərə çarpacaq.
Fan-klubun rəhbəri Xaləddin Bayramov saytımıza açıqlamasında matça hazır olduqlarını, səbrsizliklə oyunun başlama saatını gözlədiklərini bildirib: "Biz bu matçda səfər oyununda da hazırlaşmışdıq. Səfər qarşılaşmasını fan klubumuzun üzvləri ilə bir yerdə izlədik. Biz səfər matçında olmasaq da, buna görə üzülmədik. Çünki "İmarət"in Avropa qolu ötən il olduğu kimi, bu dəfə də iş başındadı. Avropada yaşayan imarətçilər öz şəxsi hesablarına Maltaya səfər edərək, "Qarabağ"a dəstək olmuşdular. İndi isə sıra bizdədi. Rəsmi açıqlamaya görə 10 mindən çox bilet satılıb. Bu da sevindirici haldı. Ancaq bu gün oyunun başlama saatına qədər bilet satışı davam edəcək. Saytınız vasitəsi ilə azarkeşləri matça dəvət edirəm. İnanıram ki, bu qarşılaşmada "Qarabağ"a "İmarət"in adına yaraşan dəstəyi verəcəyik. Öz növbəmizdə qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq. Ötən illərdən fərqli, bu dəfə klubdan bilet almadıq. 2-ci sektorda olacağıq. İnşallah, qarşılaşma zamanı 2-ci sektorun fərqini hər kəs hiss edəcək. Bildiyim qədərilə "Zalsburq"un baş məşqçisi də oyunu izləyənlər arasında olacaq. Biz azarkeşlər komandamıza möhtəşəm dəstək olmalıyıq ki, onların çalışdırıcısı bu amili də nəzərə alsın. Həmçinin komandamızı "Zalsburq"la oyuna möhtəşəm dəstəyimizlə hazır etməliyik. "Qarabağ"ın bizi sevindircəyinə inanıram".