Ölkə futbolu
2 vəsiqə, 3 iddiaçı: hamının taleyi öz əlindədi
Azərbaycan Premyer Liqasında intriqanın davam etməsi üçün səbəb var. Çempion bəllidi, elitanı heç kim tərk etməyəcək, diqqət yalnız avrokubok iştirakçılarının müəyyənləşməsinə yönəlib.
1 sual, 2 vəsiqə, 3 iddiaçı var. Durumlar fərqlidi, komandaların turnir mövqeyi axırıncı turda mövsümün oyununu görəcəyimizi vəd edir:
- Zirə – 43
- Qəbələ – 41
- Sabah – 39
3-4-cü yerləri tutanlar avrokuboklara vəsiqəni təmin edəcək. Bu baxımdan “Zirə” daha rahatdı, komandaya 2 xal da Konfrans Liqasına yollanmaq üçün kifayət edir. Digər rəqiblərin öz aralarında matçı qalır, deməli, ən azı birinin büdrəməsi qaçılmaz olduğundan, qarşıdakı 2 oyunda əldə edəcəyi 2 xal Rəşad Sadıqovun yetirmələrinin yolunu açacaq. Qəsəbə təmsilçisi hamının bərabər xal toplayacağı durumda şəxsi oyunlar üzündən autsayderə çevriləcəyindən problemini özü həll etməlidi.
İddiaçıların şəxsi oyunlarının nəticələri:
Sabah – Qəbələ 0:2, 3:1, 3:0, ?:?
Zirə – Sabah 1:1, 3:3, 2:0, 1:3
Qəbələ – Zirə 1:1, 2:1, 0:0, 3:0
“Zirə” hər iki oyunu uduzsa, “Sabah” 2, “Qəbələ” 1 qələbə sayəsində onu keçəcək. “Qartallar”ı bu durumda qazanacağı 1 xal da xilas etməyə bilər, çünki bölgə təmsilçisi ilə matçlarda üstünlük yoxdu. “Sabah” da 4 xal toplayacağı halda “Zirə”ni üstələyəcək, şəxsi oyunlarda bərabərlik olsa da, qələbə sayında vəziyyət yaxşı deyil.
Variantlar çoxdu, hər şey ola bilər, amma hamının taleyi öz əlindədi. “Zirə”dən fərqli olaraq, “Sabah”la “Qəbələ”nin şəxsi matçları qaldığından, onlar hər şeyə son turda öz aralarında aydınlıq gətirməlidi. Təbii ki, bunun üçün bakılılar növbəti tur mütləq qalib gəlməlidi.
İddiaçıların qalan oyunları:
Sabah – Sumqayıt
Şamaxı – Qəbələ
Neftçi – Zirə
Zirə – Şamaxı
Qəbələ – Sabah
“Zirə” təbii ki, rəqiblərinin büdrəməsini gözləyəcək, eyni zamanda “Neftçi” və “Şamaxı”dan xallar alıb problemini həll etməyə çalışacaq. Amma komanda bu oyunların yekununda hətta 5-ci yerə ensə də, daha bir şansı olacaq. Komanda kubokun finalında “Qarabağ”a qalib gəlib Konfrans Liqasına gedə bilər. O zaman 4-cü yerin sahibi ofsayda düşəcək.
AĞA