Böyükağa Hacıyevin gedişindən sonra Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna tapşırılan “Neftçi” indi onlardan da imtina etdi. Super Kubok oyunundan sonra hər şey dəyişdi. “Xəzər Lənkəran”a 1:2 hesabı ilə yenilgi rəhbərliyi islahatlara əl atmağa vadar etdi. Artıq Əhmədov daim qapının yanında saxladığı “çemodan”ı yığmaq üzrədi. Bəs, “Neftçi” rəhbərliyi Tərlan bəyi qovmaqda tələsmədi ki? Onu kim əvəz etməlidi?

Bu sualları aparıcı idman jurnalistlərinə ünvanladıq:

Elçin Çəlilov (Futbolpress.az saytının baş redaktoru): "Neftçi"nin baş məşqçisiz də pis getmədiyi görünürdü. Yəni formal olaraq Tərlan Əhmədovun çalışdırdığı heyət "Qəbələ"ni onun evində çox yaxşı oyunla udub liderliyə qalxmışdı. Superkubokdakı məğlubiyyətdən sonra əksər oyunçular bu oyunda qələbənin onlar üçün vacib olmadığını deyib. Ya o söz səmimi deyil – çünki əgər lazım olmasaydı, Tərlanın istefası aktuallaşmazdı – , ya da onsuz da baş məşqçi gətiriləcəkdi, sadəcə, indiyə təsadüf etdi. Hə, bir də "Neftçi"ni yerli məşqçi çalışdırsa, yaxşıdı. Bu, son 4 ildə özünü göstərdi. Əcnəbi gətirilsə, əks-effekt də ola bilər. Ona görə də yaxşı tanıdıqları bir yerlini gətirsələr yaxşıdı. Bu barədə dəqiq ad bildirmək istəməzdim”.

Əli Sahib (Fanat.az saytının baş redaktoru): “Neftçi”  Tərlan Əhmədova şans verdi. Sadəcə, “şablon” sözlərlə desək “alınmadı”, bəzi uğursuzluqlar yaşandı. Tərlan bəy savadlı məqşçidi, sadəcə, gəncdi. Fikir vermişdiz, ya yox, Tərlan müdafiəçi olub deyə, onun idarəçiliyində “Neftçi” müdafiəyə meylli, qorxaq futbol oynayırdı. Amma Böyükağa Hacıyevin dönəmində komanda daha açıq futbol oynayırdı. Onları da başa düşmək olar. Çünki Nikolas Kanalesin gedişindən sonra komandada onun boşluğunu doldura biləcək hücumçu yoxdu. Əhmədovun komandadan göndəriləcəynə gəlincə, fikrimcə, onu göndərməyəcəklər, sadəcə, o, baş məşqçini əvəz edirdi. Məşçilər korpusu öz yerində qalacaq, sadəcə, baş məqşçi gətiriləcək. Bu haqda da bildiyiniz kimi söz-söhbət gəzir ki, Nzim Süleymanov komandaya gətiriləcək. Məncə, bu, yaxşı olar. Baxmayaraq ki, Nazim Süleymnovun elə çox uğurları yoxdu, ancaq o, AZAL-dakı fəaliyyəti ilə özünü sübut etmiş məşqçidi”.

Vüqar Zeynalov (Azerisport.az saytının redaktoru): “Heç də doğru addım deyil. 1-2 məğlubiyyətə görə məşqçinin göndərmək düzgün deyil. Tərlan Əhmədov mövsümün sonuna qədər qalmalıdı. Ancaq bilmək olmaz, bəlkə Superkubokdakı məğlubiyyət “Neftçi”yə müsbət təsir edər”.

Kənan Məstəliyev (Rekord.az saytının redaktoru): “Məncə, Tərlan Əhmədovu hələ gec göndərirlər. Keçmişdə yaxşı futbolçu olsa da, məşqçilik onluq deyil. Daha doğrusu, o, məsələn, "Sumqayıt", "Simurq", hətta I divizion klublarından birində başlayıb püxtələşə, sonra yüksələ bilərdi. Tərlanı Böyükağa Hacıyev istefa verəndə qovmaq lazım idi. Odu ki, bu qərarı çox, özü də lap çox gecikmiş sayıram. Onun yerinə isə əcnəbi mütəxəssis gəlməlidi. Çünki yerli məşqçilərdən yeganə namizəd Qurban Qurbanovdu ki, onun da "Qarabağ"la müqaviləsi var. Məncə, gənc, uğura ac, pulu yox, kayerasını, perspektivini düşünən bir əcnəbi mütəxəssis gətirilməlidi. BATE-nin sabiq, "Kuban"ın yeni baş məşqçisi Viktor Qonçarenko kimi. Çıxış yolu ancaq belə məşqçilərdədi”.

Elşən Məmmədov (Lent.az saytının idman bölməsinin rəhbəri və İdman Araşdırmalar mərkəzinin sədri): “Əslində, Böyükağa Hacıyevin istefasından sonra komandaya rəhbərliyin məşqçilər korpusuna tapşırılması yanlış qərar idi. Klub daha bir səhvə Hacıyevi müşavir postuna qaytarmaqla yol verdi. Çünki baş məşqçi postuna təsdiqlənməyən Tərlan Əhmədov qeyri-sabit nəticələr, rəhbərliyin onun arxasında möhkəm durmaması və futbolçular arasında onu istəməyənlərin də olma ehtimalı ilə əlaqədar üzərində böyük basqı hiss edirdi. Belə bir məqamda Böyükağa Hacıyevin müşavir postuna gətirilməsi Əhmədova basqıları daha da artırdı. Düşünmək olardı ki, baş məşqçi postunun taleyinə komandanın hansısa titulu qazanmasından sonra aydınlıq gələ bilər. Bu da Azərbaycan Superkubokuna təsadüf etdi. Həddən artıq sönük və məzmunsuz oyunla Superkubokun əldən getməsi rəhbərliyi istefa qərarına sövq etdi. Yəni, Əhmədova güvənməyən rəhbərlikdən bu qərar hardasa gözlənilən idi. Fikrimcə, "Neftçi"yə xarizmalı, uğurlu karyeraya malik və tanınmış əcnəbi baş məşqçi rəhbərlik etməlidi. Az qala sovet dövründən bu komandada baş məşqçilərdən çox, futbolçuların sözünün keçdiyini görürük. Klub rəhbərliyi isə nədənsə, futbolçuları baş məşqçidən daha üstün tutur. Əgər "Neftçi" rəsmiləri böyük hədəflər uğrunda mübarizə aparmaq istəyirsə, xarizmalı baş məşqçiyə güvənməli və daim onun arxasında durmalıdı”.

RÖYA KƏRİMLİ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp