Masamın arxasına Superkubok barədə yazmaq üçün oturmuşdum.  Gözlədiklərimi ala bilmədiyimdən, proqnozlarımın doğrulmadığından, 90 dəqiqənin sonunda tamamilə pərişan olmağımdan. Amma futbol elə bir idman növüdü ki, burada bir göz qırpımında bir neçə hadisə baş verər və sən topla nə edəcəyini düşünənə qədər hansısa sərt müdafiəçi sürüşüb topla qarışıq ayağını da aparar.

Tərlan Əhmədovu “Neftçi”dən sanki özü kimi bir sərt müdafiəçi apardı. Yerinə də Nazim Süleymanovu gətirdi. Bu informasiyadan sonra buna qədər yazdıqlarımın üstündən yağlı qara xətt çəkib Superkubok mövzusunu zibil vedrəsinin bir küncünə atdım. Hərçənd, Nazim Süleymanov xəbəri və onun ətrafında yaşanan həyəcanı şərtləndirən məsələ də elə heç də super olmayan və Mahir Şükürovun uduzandan sonra mənasız saydığı kubokdur. İlk baxışdan.

Dəfələrlə demişəm və bu fikrim qətidi: “Neftçi”də acı bağırsaq kimi uzanan məşqçi böhranının Arif Əsədov, Böyükağa Hacıyev və Tərlan Əhmədovla heç bir əlaqəsi yoxdur. Onların arasında Rinus Mixels, yaxud Marçello Lippi istedadı tapmaq çətindir və Hacıyevin Əsədovdan, Əhmədovun Məmmədovdan nə ilə üstün və ya zəif olduğunu araşdırmaq mənasızdır; çünki problemi şərtləndirən sistemdir. “Neftçi”nin ev geyim dəsti kimi illərdən bəri dəyişməyən iş sistemi. Sabitlikmi? Sabitlik heç də hər zaman inkişafa zəmin yaratmır. O həm də bəzən müasir futbolun ən böyük düşməni sayılan durğunluğa səbəb olur.

Özümü guya vaxtilə atalarımızın dilindən çıxan hikmətli kəlmələrin azarkeşi hesab eləyə bilmərəm, amma onlar da əbəs yerə deməyiblər ki, axar su murdar olmaz.

Tərlan Əhmədova sırf “Xəzər Lənkəran”a Naxçıvandakı məğlubiyyətdən sonra etimadın bitdiyinə inanmıram. Bu mütəxəssisə “Neftçi”də, ümumiyyətlə, etimad görmürdüm: Tərlan faktiki müqaviləsiz işləyirdi, baş məşqçi deyildi, transfer eləmirdi, strateji qərarlar vermirdi, hətta taktikanı müəyyənləşdirdiyinə dair də bəzən şübhələr baş qaldırırdı. Bu mənada onun heç doğru-düzgün tuta bilmədiyi bir vəzifəni boşaldacağı anı hər gün olmasa da, hər həftə gözləyirdin. 

Amma Nazim Süleymanov? Görəsən, bu qərarı klub prezidenti özümü verib? Bu fikrə nə vaxtdan gəlib? Mütəxəssis yığmada çalışmağa başlayandanmı?
Ümumiyyətlə, Azərbaycan klublarında işləyən, geniş kütlələrə məlum olmayan, yalnız futbol mətbəxinə aid olan şəxslərin tanıdığı bəzi insanlara baxdıqca insanın ürəyindən fəryad çəkib belə bir sual vermək istəyi gəlir: kadrlarını hansı prinsiplərlə seçirsən, ey rəhbər? Və mənə də indi niyə məhz Süleymanovun seçilməsi yox, onun hansı düşüncə və prinsiplər əsasında seçilməsi maraqlıdı.

Nazim Süleymanovun çox yüksək məşqçi keyfiyyətləri var; bunu onunla bir il çiyin-çiyinə çalışan və sözlərini əcnəbilərə bilavasitə çatdıran biri kimi əminliklə deyirəm. Məşqçinin birinci ən böyük bacarığı futbolçunu matça kökləmək, ikinci ən vacib xüsusiyyəti isə dəyişikliklərlə oyunun gedişinə təsir göstərməkdir. Süleymanov bunları çox yaxşı bacarır. Onun ortabab futbolçulardan qurulmuş AZAL-ının Avropa Liqasına vəsiqə qazanmasının, məzmunlu futbol göstərməsinin də əsas səbəbi elə bu keyfiyyətləri özündə birləşdirməsi idi.

O başqa məsələ ki, Süleymanov təbiətən olduqca sakit və intelligent insandır, klub rəhbərliyi ilə heç bir məsələdə münaqişəyə girməz, super şərait, super transferlər tələb etməz, əlində olanla kifayətlənər və əlində olandan maksimum xeyir götürər.  “Ağ-qara” klubun rəhbərliyinin seçimində əsas rolu nəyin oynamasından asılı olmayaraq, Nazim Süleymanov layiq olduğu yerdədir. Öz yerindədir. Çoxdan addım-addım irəlilədiyi yerdədir. Azərbaycan reallığında Böyük məşqçiyə çevrilmək üçün həlledici yerdədi.

Amma… Başımız o qədər siyasi gedişləri çözməyə qarışdı ki, bu hay-küydə “Neftçi”dən klubun bir əfsanəsinin getdiyini, digər əfsanəsinin isə gəldiyini unutduq. Böyük Avropa klublarında azarkeşlər bunu 1) stadiona kütləvi axın; 2) xüsusi plakat; 3) etiraz və ya çoşğu ilə qarşılaşayardılar. Böyük Avropa klublarında…

Ətrafınızda bu məsələyə fikir bildirən “Neftçi” azarkeşi görürsünüzmü? Və sizcə, “Şəfa”dakı “Simurq” – “Neftçi” matçında neçə adam olacaq?

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp