Futbol yüksək səviyyəli oyunçuların ifasında daha da sevilir. Yəni normal və neytral futbol azarkeşi iddialı komandaların oyununu qoyub aşağı dəstədə keçirilən matça baxmaz. Amma futbol həm də hərtərəfliliyi ilə gözəldi. Yəni bu idman növündə güclü və ya zəif anlayışı olsa da, ictimailik əsas prinsip təşkil edir. Yəni futbolu hamı oynaya bilər. Bununla yanaşı, qüvvələr nisbətinin bərabər olmaması komandalar və liqalar arasında rabitəyə də xələl gətirməməlidi.
 
Futbolda hər nə qədər nəzərlər elitaya yönəlsə də, birinci dəstəylə yüksək liqa arasında körpü olmalıdı. Yəni aşağı liqanın yuxarıya bir xeyri dəyməlidi.
 
Təəssüf ki, peşəkarlıq sarıdan axsayan Azərbaycan futbolunda birinci dəstəylə bağlı ciddi problemlər var. Ümumiyyətlə, bu liqanın Azərbaycan futboluna heç bir faydası yoxdu! Hətta deyərdim ki, statusuna görə bizim I divizionla futbolu inkişaf etmiş ölkələrin həvəskar liqaları arasında heç bir fərq görmürəm. Çatışmazlıqlardan danışacam…
 
Adada yaşayan yararsızlar
 
Əvvəlcə, birinci dəstənin ən böyük problemi olan elitaya yüksəlməmək xəstəliyindən danışacam. Adicə yuxarıdan aşağıya baxdığımız ölkə çempionatlarında belə hər il heç olmasa, 1-2 komanda elitaya yüksəlir. Amma Azərbaycan premyer-liqası artıq 3 ildi ki, MBA və MHL statusu daşıyır. Yəni nə elitadan düşən var, nə də ora qalxan. Düzdü, ötən mövsüm son iki pilləni tutan "Turan"la "Kəpəz" premyer-liqada yerlərini itirdi. Amma aşağıdan yuxarı qalxan olmayınca peşəkarlığın ləzzəti qaçır.
 
Doğrudan da, bir ölkədə son 3 ildə hansısa bir komanda yüksək liqaya vəsiqə qazanmırsa, bu, artıq rüsvayçılıqdı. Yəni "bu boyda kənddə bir başı papaqlı çıxmır"? Belədisə, onlar daha nə üçün mübarizə aparırlar? Bu, bir növ bir adamın adada yaşamasına bənzəyir. Hara gedirsən get, çıxış yolun yoxdu.
 
Belə baxanda, AFFA-nı və PFL-i də qınamaq olmur. Hardasa futbol başbilənlərimiz onlara lisenziya verməməklə düzgün iş görürlər. Çünki aşağı dəstə təmsilçiləri belə maliyyə problemi ilə elitada oynamaq gücündə deyil. Avropa ölkələrində elitaya yüksələnlər az qala avrokuboklar və çempionluq üçün oynayırlarsa, bizim "balacalar" ancaq qapazaltı təsiri bağışlayacaq.
 
Nə qoyub, nəyi axtarırıq? Maliyyə böhranı üzündən bir neçə birinci dəstə təmsilçisi kubokdan imtina edir. Halbuki, Avropanın aparıcı çempionatlarında həvəskar komandalar nəhənglər qarşısına çıxır. Hələ biz bəzi klubların "Araz Naxçıvan"la oynamaq üçün muxtar respublikaya getməyə ağız büzdüyündən danışmırıq. Mahiyyətcə xırda, amma ümimilikdə böyük problemləri çox qabartmaq olar.
 
Oyunçu yetişmirsə…
 
Ümumiyyətlə, aparıcı futbol ölkələrində birinci dəstə təmsilçiləri həm də donor təsiri bağışlayır. Yəni yüksək liqa klublarının skautları oyunçu axtarışına çıxarkən aşağı dəstələrdə top qovan gənc istedadlara nəzər salır. Bu dəqiqə Avropada parlayan bir neçə ulduz oyunçu vaxtıyla hansısa aşağı dəstə təmsilçisinin "alt yapısı"ndan çıxıb. Yəni istedadlı futbolçu heç də həmişə elita məhsulu olmur.
 
Təəssüf ki, bu mənada Azərbaycanda vəziyyət acınacaqlıdı. AFFA hər nə qədər I divzionda gənc oyunçuların yetişməsi üçün yaş limiti qoysa da, bunun heç bir effekti olmur. Böyük ehtimalla yaxın gələcəkdə də bu, baş verməyəcək. Deyərdim ki, birinci dəstə təmsilçiləri böyük okeanlarda tədqiq olunmayan və hətta elmə adı məlum olmayan balıqlara bənzəyir. Bizim aşağı liqada gənc futbolçular ora qaçır, bura qaçır, amma üzə çıxa bilmir. Əlbəttə, onların istedadsız olduğunu da iddia etmək olmaz. Sadəcə, problem düzgün şəraitdə yetişməmələrindədi.
 
Bununla yanaşı, biz dəfələrlə dünya yığmalarının baş məşqçilərinin milliyə birinci dəstədən oyunçu cəlb etdiyini görmüşük. Azərbaycanda isə Berti Foqts nəinki birinci dəstə, heç elitada top qovan futbolçular arasında keyfiyyətli birisini çıxara bilmir. Foqts dedim, məşqçi problemi yadıma düşdü. Ümumiyyətlə, birinci liqada çıxış edən komandaları çalışdıranlar da gənc və perspektivlilərin potensiallarını açmaq gücündə deyil. Birinci liqa həm də yüksək səviyyəli məşqçi kasadlığı ilə də diqqət çəkir. Fransada ötən mövsüm "Monako"nu elitaya ünlü çalışdırıcı Klaudio Ranyeri yüksəltdi. Hazırda elitaya vəsiqə qazanmağa real namizəd olan Hafiz Məmmədovun "Lans"ını PSJ-nin sabiq baş məşqçisi Antuan Kambuare çalışdırır.
 
Anarxiya yuvası
 
Və nəhayət, sonuncu problem. Azərbaycanda aşağı dəstə komandalarının peşəkarlıq və özünü aparmaq sarıdan böyük problemləri var. Bəzən orada oyunçular elə tərbiyəsizlik edir ki, adam ümumiyyətlə, belələrinə futbolçu deyə bilmir. Götürək elə "Şahdağ"la "Araz Naxçıvan" arasındakı görüşdə qusarlı futbolçu Yusif Yusifzadənin yan xətt hakimi Coşqun Həsənova təpik atmasını. Əlbəttə, belə hallar elita komandaları arasında da baş verə bilər. Amma bizdə premyer-liqa komandaları bu mənada az-çox mədənidi. Birinci dəstədə isə demək olar ki, hər tur belə problemlər yaşanır. Əlbəttə, yetərincə konkret nümunələr sadalamaq olar. Təkcə elə "Şuşa"nın baş məşqçisi Nadir Qasımovun "Qarabağ Lökbatan"la oyundan sonra hakimlərə hədə-qorxu gəlməsi və nəticədə 10 oyunluq cəzalanmasını söyləmək olar.
 
Bir də bizim I divizionda ədə danışılmış oyunların olmadığını heç kim sübut edə bilməz. Sadə bir nümunə: Azərbaycan premyer-liqasına sponsorluq edən "Topaz" bukmeker şirkəti belə birinci dəstənin oyunlarına əmsallar açıqlamır. Həmin matçlar heç "ekspress" oyunlara salınmır. Deməli, inam yoxdu! Başı-ayağı bilinməyən, Azərbaycan futbolunun inkişafına bir "qara qəpik" xeyir verməyən liqaya kim etibar edər ki? Nə isə, Allah onların axırlarını və futbolumuzun axırını xeyir etsin!
 
CAVAD
Shares: