Topaz Premyer Liqasının 1-ci dövrəsinin başa çatmasına 2 tur qalmış, turnir cədvəlinin ilk üçlüyünün “gözlənilməz qonağ”ı – “Zirə” mövsümün sonunadək avrokubok zonasındakı mövqeyini qorusa belə, qitəmiqyaslı yarışlarda iştirak edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, UEFA-nın lisenziyalaşdırma ilə bağlı tələblərinin biri “Zirə” üçün əlçatmazdı.
Söhbət avrokuboklarda iştirak edən klubların minimum 3 mövsüm ölkə çempionatlarının müxtəlif liqalarında oynamasından gedir. Məlum olduğu kimi, “Qartallar” ötən mövsüm “dünyaya göz açıb”. 
Vəziyyətə rəsmi aydınlıq gətirmək üçün AFFA-nın Lisenziyalaşdırma Komitəsinin rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq. Həmsöhbətimiz informasiyamızı təsdiqləməklə yanaşı, daha bir nüansa toxundu: “Həqiqətən də UEFA-nın tələblərindən biri, avrokubokda iştirak edən komandanın minimum 3 mövsüm fəaliyyət göstərməsidi. “Zirə” bu tələbə yalnız növbəti çempionat başa çatdıqdan sonra cavab verəcək. Ancaq gəlin tələsməyək. Premyer Liqa uzun marafondu. Əgər komanda avrokubok zonasına düşsə, onda AFFA UEFA-ya müraciət edəcək. Əlbəttə, son qərarı qitənin ali futbol qurumu verəcək, amma biz UEFA-nın “Zirə”yə xüsusi icazə verməsi üçün çalışacağıq”.
Qeyd edək ki, daha öncə “Karvan” və “Xəzər Lənkəran” yaranma tarixi 3 il olmadan avrokuboklarda iştirak ediblər. Ancaq UEFA-nın lisenziyalaşdırma tələbləri ildən-ilə dəyişir və 2005-ci ildə bu qayda yox idi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp