“Keşlə”nin sabiq baş məşqçisi milli komandanı çalışdırmağa hazırdı. O, futbolunfo.az saytına açıqlamasında hazırkı baş məşqçi Canni de Byazini də tənqid edib.

U-21-in son seçmə mərhələdəki çıxışını da bəyənməyən Əhmədov bu komandadan yox, məhz əsas millidən təklif gözləyir: “Bu il həqiqətən çox yaxşı nəsil var idi, yaxşı komanda yığılmışdı. Normal çıxış etmək üçün əla imkan var idi. Amma uğursuzluq qeydə alındı. Hər dəfə yığmalar zəif çıxış edəndə klubları günahlandırır, məsuliyyətdən qaçmağa çalışırlar. Halbuki klublar U-21-ə kifayət qədər yaxşı futbolçular vermişdi, nəticə qazana bilmədilər. Bir dəfə görmədim ki, əcnəbi məşqçilər səhvini etiraf etsin. Və həmişə də onlara həddindən artıq, layiq olmadıqları dəstək verilir.

Canni de Byaziyə gəlincə, onun işində bəyənməli nə var ki? Əcnbəbi məşqçi gətirilir, böyük məvacib verilir və hamı gözləyir ki, nəticələrdə irəliləyiş olacaq. Amma Millətlər Liqasının püşkü atılır, hamı normal rəqiblər düşdüyünü görür, qalır nəticə qazanmaq. Yığma isə elə ilk turda və Bakıda Lüksemburq kimi komandaya uduzur, bəhanələr başlayır. Bu qrupda 3-cü yeri tuturuqsa, Avropa, dünya çempionatlarının seçmə mərhələsində daha güclü rəqiblərə qarşı nəyə ümid edək? Bu turnirdə 6-7 müdafiəçi ilə niyə oynadığımız mənə hələ də qaranlıq qalıb. Qurban Qurbanovun vaxtında 2-ci yeri tutan, daha yaxşı oynayan komanda hara, indiki milli hara?”

Tərlan bəy millini yerli mütəxəssisin çalışdırmasını gərəkdirən səbəbi də tapıb: “Qurban da yeni komanda qurmaq istəyirdi, amma 6 illik müqavilə bağlanmasına baxmayaraq, vaxt verilmədi, bir il tamam olan kimi yola salındı. De Byaziyə isə fərqli münasibət göstərilir. Halbuki onun qurmaq istədiyi komanda, aşıladığı oyun dəst-xətti ilə seçmə mərhələdə daha pis nəticə olacaq. Son anda Avropa çempionatının finallarına getmək şansını əldən verən gürcülər, bir liqa yuxarıya yüksələn düşmənimiz ermənilər, son dünya çempionatında əla oynayan digər qonşumuz ruslar, finalda oynayan fransızlar və xorvatlar, həmçinin İngiltərə, Türkiyə, Almaniya, İspaniya. Hansını sadalayım? Hamısında yerli mütəxəssislər çalışır. Çünki yerli mentaliteti bilirlər, onların işləməsi daha rahatdı. Biz isə əcnəbi həvəskarıyıq. Şansı özümüzkülərə yox, legionerlərə veririk. Bəzi məşqçilərimiz də nəyə görəsə tərifləyir, dəstək verir. Halbuki, Torres, Foqts, Prosineçki, Yurçeviç işləyəndə də eyni mövqeni tuturdular, bacarmayıb gedəndən sonra söyməyə başladılar. Həqiqəti indidən deyək də. Obradoviç uğursuzdu, bir nəfər tənqid etmir. Amma daha yaxşı nəticə verən Yaşar Vahabzadəni az qala öldürürdük”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp