Şamaxının icra başçısı cənab Tahir Məmmədov, necəsiz? Dostunuz Elxan Məmmədovun hədiyyəsi xoşunuza gəlirmi? Bir həftə öncə kresloya yayxanıb oyununa baxdığınız futbol komandası qorxulu yuxunuza çevrilməyib?

 

Saxtakar adalarla əl-ələ verib saxta kluba sahiblənməyin nəticəsi belə olur, keyfiyyətsiz oyuncaq kimi qutuda partlayır. Tahir bəy, ötən həftə Şamaxı stadionuna yığılan 2000 insan sevincli idi, özünüzü onlara birşeylər ərməğan edibmiş kimi hiss edirdiz, amma dünənki biabırçılıqdan sonra onlar tam başqa olacaq – ya stadiona gəlməyəcəklər, ya da gəlib sizi fitə basacaqlar.

 

24 ilin 4 dəfə vurulmuş “avtomobil”ini (komanda 4 dəfə adını dəyişib) təzə adıyla sizə sırıyıblar, hətta ölkə rəhbərliyini də aldadıblar. Zaur Axundov adlı naşı sürücünün gündə bir yerə çırpdığı həmin o “avtomobil” dünən növbəti dəfə qəzaya düşdü, gicəlləndi, 8 yazdı.

 

Tahir bəy, sizi hələ çox belə biabırçılıqlar gözləyir. Nüfuzlu, təmiz imicli məmur kimi qalmaq istəyirsizsə, “Şamaxı”ya həqiqətən sahiblənin, onu şamaxılıların öz komandasına çevirin. Bu komanda AFFA-nın, Axundovun bahalı oyuncağı, biznes obyekti olduğu müddətdə sizi şəkər, təzyiq xəstəliyi, daimi əsəb gözləyir.

 

Dünən hesab ikirəqəmli olmadısa, buna görə Qurban Qurbanova minnətdar olmaq lazımdı. O, məhz şamaxılılara hörmət əlaməti olaraq, fasilədə heyəti zəiflətdi, hesabın böyüməsinə imkan vermədi. “Qarabağ”ın baş məşqçisi eyni zamanda sizi ayıltdı, sizə sırınan komandanın əslində, NƏ olduğunu göstərdi. Bu noqdaundan ayılmayacaqsızsa, növbəti zərbədən sonra nokauta düşəcəksiz.

 

“Keşlə”, yəni sızə doğma kimi sırınan Bakı “Şamaxı”sı illərdi belə idarə olunur. “Yuxarılar”ın tapşırığı ilə rayona buraxdığınız bu komandanı mütləq nizama salın, onu ilk öncə Axundovun cəngindən qurtarın. Dünənki məğlubiyyətdən sonra istefa verən baş məşqçi Sənan Qurbanov qurban verilmək üçün aylardı hədəfdə saxlanan biri idi, onun yerinə kim olsa, daha yaxşısını bacarmayacaq. Heyəti müəyyənləşdirən, futbolçulara taktiki tapşırıqlar verən, hər şeyə qarışan Zaur bəylə sizi yaxşı günlər gözləmir.

 

“Şamaxı”nın ilk ev oyununda vida mərasimi keçirilən, sizin qarşınızda futboldan yola salınan Rail Məlikovla Ruslan Əmircanov dünən heyətdə idi, adları matçın protokoluna salınmışdı. Meydanla vidalaşdıqları xüsusi mərasimlə elan edilən bu şəxsləri oyunçu kimi skamyada oturmaq elə sizi də ələ salmaq deməkdi. Axundovun klubunda belə şeylər adi haldı, hələ zamanla çox sürprizlər görəcəksiz. Gələcəkdə utanmamaq üçün “Şamaxı”nı əsl Şamaxı klubu edin, komandanın Bakıda yaşayıb oyundan-oyuna rayona gəlməsinə, turist kimi davranmasına imkan verməyin.

 

Tahir bəy, İlham Namiq Kamalın “Neftçi” ilə oyundan sonra dediklərini yadınızda saxlayın. O, sadəcə, bir şamaxılı idi, növbəti uğursuzluqlardan sonra minlərlə şamaxılı eyni cür danışacaq. Hörmətli aktyorumuz AFFA rəfərliyinin dəyişməsinin vacibliyini deyirdisə, sıravi şamaxılılar sizin istefanızı istəyəcək. Diqqətli olun. Hələliksə, 0:8-ə görə başınız sağ olsun, hər məğlubiyyət bir dərsdi, nəticə çıxarsaz, pis olmaz.

 

FƏRİD

20220409152149 944A2610 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp