“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko Dç-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçı öncəsi fikirlərini açıqlayıb. O, yığmamızın qonşularımıza müqavimət göstərəcəyinə əminliyini vurğulayıb:
 
– Bu komanda lazım olan anda toparlanmağı bacarır. Xüsusilə də doğma azarkeşlərinin gözü qarşısında oynayarkən. Onların az qala hər seçmə mərhələdə aparıcı komandalardan bir və ya bir neçəsini büdrətməsi də təsadüfi deyil. Düzdü, problemləri var. Amma Rusiya ilə oyuna onlar tam fərqli əhval-ruhiyyədə çıxacaqlar. Cənub xalqlarının insanları adətən xüsusi temperamentə malik olurlar. Rusiyaya ciddi köklənmək lazımdı. Yalnız o zaman nəsə alına bilər. Rusları Bakıda asan gəzinti gözləmir.
 
– Stadionda anşlaq mümkündü?
 – İş günü də olsa, azərbaycanlıların xüsusi turnir motivasiyası olmasa da, anşlaq olacaq. Yenə də deyirəm ki, cənublular futbolu çox sevirlər. Rusiya üzərində qələbə bu komanda üçün çox böyük əhəmiyyətə malik olacaq.
 
– Burda siyasi amillərin də rolu var?
– Siyasi amillərin təsirini qeyd edə bilmərəm. Amma keçmiş SSRİ ölkələrinin qarşılaşmalarına maraq həmişə böyük olur. Azərbaycan da bu baxımdan istisna deyil.
 
– Sizcə, Azərbaycan müdafiə futbolu oynayacaq, yoxsa, riskə gedəcək?
– Müdafiədən oynayıb, əks-hücuma üstünlük verəcəklər. Buna görə mübahisə etməyə belə dəyməz. Çünki bu komanda adətən öz oyununu müdafiədən qurur. Bu mənada sözügedən komanda çox artırıb. Berti Foqtsun da bu mənada işi diqqət çəkir. Azərbaycan yığması hazırda çox yaxşı təşkilatlanıb.
 
– Rusiya yığması Bakıda ən çox nədən çəkinməlidi?
 – Azərbaycan yığmasında xüsusi ulduz futbolçu yoxdu. Amma futbolçuların böyük əksəriyyəti yaxşı texnikaya malikdi. Onlara düşünmək imkanı vermək olmaz. Topa nəzarət Rusiyanın əlində olmalıdı. Çox diqqətli olmaq lazımdı. Əks halda xoşagəlməz aqibətlə üzləşəcəksiz.
 
– Berti Foqtsun Azərbaycandakı işindən razısız?
 – Foqtsun işini hərə bir cür qiymətləndirir. Erkən nəticə gözləyənlər üçün təbii ki, onun işi razılıqla qarşılana bilməz. Amma kim ki, baş məşqçiyə vaxt verilmək lazım olduğunu başa düşür, onlar Azərbaycan yığmasında görülən işləri tam başqa cür qiymətləndirirlər. Berti artıq öz komandasını formalaşdırıb. O, ilk gündən məhz bunun üçün çalışırdı. Bundan sonra isə Azərbaycan yığmasının daha da inkişaf etməsini gözləmək olar.
Shares: