“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– Başa çatmaq üzrə olan mövsümü “Səbail” üçün necə dəyərləndirirsiniz? Avrokuboklardan kənarda qalmağınıza nə səbəb oldu?

– İlk növbədə onu deyim ki, bu mövsüm daha yaxşı “Səbail” gördük. Əvvəlki 4 sezon ərzində “Səbail” turnir cədvəlində axırıncı yerlərdə qərarlaşmışdı. Ancaq bu dəfə mövsümün sonuna 15-16 tur qalmış Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirdik. Bundan sonra iddialı olmağa çalışdıq. Düşünürəm ki, 1-2-ci dövrələrdə, əsas da ilk dövrədə çox yaxşı çıxış etdik. İkinci dövrənin ortasında bizdə problemlər başladı. Birdən-birə əsas heyətin 6 üzvünün ciddi zədə alması üzündən oyunumuzda, nəticələrdə eniş yaşandı. Bu da başadüşülən idi.

– Qışda zədəli futbolçuların yerini doldurmaq üçün komandaya 3 yeni legioner cəlb edildi…

– Bəli, ancaq onlar təlim-məşq toplanışımızda iştirak etmədilər, birbaşa Bakıya gəldilər. Bəlkə də hazırlıqsız olduqları üçün ümumi ansambla düşə, tam bacarıqlarını göstərə bilmədilər. Nəticədə stabillik itdi. Əslində, hər üçü çox bacarıqlıdır. Mən əvvəlki müsahibələrimdə də demişəm ki, bizim qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı. Ancaq xoş haldır ki, çempionatın bitməsinə 4 tur qalana qədər riyazi cəhətdən avrokuboklara iddialıydıq. Gördük ki, oraya getmək olar, cəhd etdik, ancaq bu, yetərli olmadı. Heyətimiz yeni idi, demək olar ki, futbolçuların 90 faizini dəyişmişdik. Bu heyətin mükəmməl oynaması üçün bir qədər də zamana ehtiyac var.

– Gətirdiyiniz futbolçular özlərini tam doğrulda bildilər?

– Gətirdiyimiz futbolçuların özlərini doğrultmadıqlarını demək olmaz. Doğrultdular, sadəcə, bayaq dediyim səbəblərə görə stabillik çatışmadı. Komandanın qarşısına ilk “altılığ”a düşmək tapşırığı qoyulmuşdu. Ona da yaxınıq. Mövsümün sonuna 1 tur qalıb, həmin oyunda qələbə qazanmaqla “altılığ”a düşə bilərik. 6-7-ci yerlər arasında böyük fərq yoxdur.

– Əksəriyyət cari mövsümün daha gərgin keçdiyi qənaətindədir. Amma mübarizə daha çox 2-4-cü yerlər uğrunda getdi. “Qarabağ”ın 28-ci turda çempionluğu təmin etməsi Premyer Liqanın real səviyyəsini göstərmir?

– Tamamilə doğru deyirsiniz. Lider və autsayder mövsümün sonuna bir neçə tur qalmış artıq aydın oldu. Bu da “Qarabağ”ın gücünü göstərir. Onlar güclü heyətə malikdirlər, həm də avrokuboklarda böyük təcrübələri var. Real danışsaq, “Qarabağ” qalan 9 komandadan birbaş üstündür. Ancaq çempionatda ona qarşı haradasa mübarizə aparan komandalar oldu. Aradabir biz də daxil olmaqla, komandalar “Qarabağ”a badalaq vurmağa çalışdılar. Fakt budur ki, Ağdam təmsilçisi layiqli çempionluq qazandı. “Qarabağ” həm əla heyətə malikdir, həm yaxşı futbol oynayır, həm də oturuşmuş komandadır və rəqiblərindən daha səviyyəlidir. Bu mövsüm Avropa və Konfrans Liqalarına vəsiqə uğrunda isə sonuncu turadək mübarizə getdi. Bu da çempionata olan marağı artırır. Ortabab komandaların sayı artıb, bu isə rəqabət yaradır.

– Klub rəhbərliyi ilə görüşüb gələcək planlarla bağlı müzakirələr aparmısınız? Heyətdə nə kimi dəyişikliklər gözlənilir?

– Klub rəhbərliyi ilə çempionat bitdikdən sonra görüş olacaq. Hələ bu haqda konkret nəsə deyə bilmərəm. Düşünürəm ki, bu heyəti saxlayıb, bir neçə yeni oyunçu cəlb etsək, gələn il avrokuboklara düşmək uğrunda mübarizə aparacaq “Səbail” qura bilərik. Artıq bilirik ki, hansı mövqelərdə problemlərimiz var.

– “Səbail”in yay təlim-məşq toplanışını harada keçəcəyinə, yoldaşlıq görüşlərindəki rəqiblərə aydınlıq gəlib?

– Təlim-məşq toplanışı və transfer məsələləri barədə rəhbərliklə görüşdən sonra dəqiq fikir bildirmək olar.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp