AFFA-nın milli komandanın baş məşqçi postuna təyinatı qəfil edəcəyi bəlli idi. İcraiyyə Komitəsinin (İK) son iclasının qərarlarından aydın olurdu ki, prezident Rövşən Nəcəf prosesi təkbaşına ələ götürüb, vitse-prezident Elşad Nəsirovun yol xəritəsi ilə hərəkət edir.

Və budur, 4 illik müqavilə ilə Fernandu Santuş millimizə təyinat aldı. İK üzvləri ilə onlayn-məsləhətləşmə ilə qərar verildi. Doğrusu, bu seçim, müzakirə yox, diqtə oldu. Nəcəf portuqaliyalı mütəxəssisi millinin başına gətirdi.

AFFA-da rəhbərlik dəyişdi, Premyer Liqada say dəyişmədi;

AFFA-da rəhbərlik dəyişdi, futbola maliyyə dəstəyində fərq görmədik;

AFFA-da rəhbərlik dəyişdi, əcnəbi sevdası dəyişmədi;

AFFA-da rəhbərlik dəyişdi, futbola baxış həminkidir;

AFFA-da rəhbərlik dəyişdi, amma dəyişməyib kimi görünür…

Fernandu üz cizgilərindən, bədən quruluşundan millimizin ilk əcnəbi baş məşqçisi Karlos Alberto Torresə oxşayır. Nəticələri fərqlidir, amma sanki aqibətləri eyni olacaq kimi ehtimalım var. Nikola Yurçeviç, Canni de Byazi deyil, amma kim olursa-olsun yığmamızın başında, bərbad durumda olan futbolumuzun içində xilaskar ola bilməz.

carlos 2 - Futbolinfo.az

Santuş ən pis seçim deyil, pislərin içində ən yaxşıdır. Amma tükənmiş 69 yaşlı məşqçi yığmamıza nə verəcək? “Beşiktaş”da dibə vuran adamdan danışırıq. Bernardo Silva, Kriştianu Ronaldo və s. dünya ulduzları ilə Avropa çempionu ola bilər, Azərbaycanda kimlə və nəyi hədəfləyəcək? Bizə adlı-sanlı məşqçi yox, düzgün strategiya lazımdır.

Berti Foqts da Avropa çempionu olmuşdu. Sonra?

Açıqlamadan bəlli olur ki, müqavilə 4 illikdir, Avro-2028 hədəf göstərilib. Bəs, Millətlər Liqası? Bəs, DÇ-2026? Yoxsa Nəsəf prezidentlik dövrünün bitiminədək Santuşla möcüzəyə ümid edir? Təki olsun, amma futbolun inkişafı təkcə yığmanın baş məşqçisinin kimliyinə bağlı deyil. Kompleks tədbirlər görülməsə, hər sahəyə ciddi yanaşma olmasa, SOCAR-ın milyonları bu dəfə Portuqaliyaya axacaq, biz isə hər matçdan sonra dizimizə döyəcəyik.

Ən pisi odur ki, AFFA yenə adı seçdi, yadı seçdi. İddialı Santuş Azərbaycana gəlibsə, deməli, karyerasının sonu olduğunu gözəl anlayır və pulunu qazanmağa gəlib. Millətlər Liqası, növbəti Dünya Çempionatı yox, məhz Avro-2028-də uğurun hədəf göstərilməsi də bunu göstərir. 4 il sonra “alınmadı” deyib gedəcək.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp