“Turan Tovuz”un toqolu müdafiəçisi Emmanuel Hakmanın futbolinfo.az saytına müsahibəsi

– Tovuz şəhər stadionuna qayıdışınızı qələbə ilə qeyd etdiniz. Yenidən doğma publika önündə oynadığınız üçün üzərinizdə əlavə təzyiq var idi?

– Xeyr, azarkeşlərdən heç bir təzyiq yox idi, çünki onlar hara getsək, bizimlə olublar. Əksinə, biz əlavə motivasiya aldıq və ümid edirəm ki, onların üzündə təbəssüm yarada bildik.

– “Sumqayıt”la matçda ikinci qolu standart vəziyyətdən sonra vurdunuz. Ümumiyyətlə, “Turan Tovuz”un artıq 2 ildir ki, əsas “silah”ı məhz standart vəziyyətdir. Məşqlərdə bunun üzərində çox çalışırsınız? Karyeranızda Kurban Berdıyev qədər standart vəziyyətlərə xüsusi fikir verən məşqçi ilə çalışmışdınız?

– Məşqlərdə standart vəziyyətlər üzərində çox işləyirik. Əminliklə deyə bilərəm ki, Kurban Berdıyev buvaxta qədər birgə işlədiyim mütəxəssislər arasında standart vəziyyətlərə ən çox diqqət yetirən məşqçidir.

– Tovuz şəhər stadionunun süni ot örtüyünün təbii örtüklə əvəzlənməsi gələcək nəticələrinizi daha da yaxşılaşdırmağa şərait yaradacaqmı? Maraqlıdır, Azərbaycanda ən çox hansı meydançada oynayanda əziyyət çəkirsiniz?

– Hər bir oyunçu təbii örtükdə oynamağa üstünlük verir, çünki bu, süni örtüklə müqayisədə zədələri azaldır. Bəli, gələcək nəticələrimizə də müsbət təsir edəcəyini düşünürəm. Sualın ikinci hissəsinə gəlincə, “İmişli”nin ev oyunlarını keçirdiyi Qubadakı meydança futbol oynamaq üçün ən çətin meydançadır.

– Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Rəqibin də avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apardığını nəzərə alsaq, kimin qalib gəlmək şansı daha çoxdur?

– Liqadakı hər bir kluba hörmətlə yanaşırıq. “Araz-Naxçıvan” yaxşı komandadır. Ona görə də onlara qarşı digər komandalarla oyunlarda olduğu kimi, ciddi hazırlaşacağıq. Ümid edirəm ki, qalib gələn tərəf biz olacağıq.

– Hazırda turnir cədvəlində “Qarabağ”dan cəmi 4 xal geridəsiniz. Qalan turlarda məqsəd 3-cü pillədəki mövqeyinizi qorumaq olacaq, yoxsa ikincilik uğrunda mübarizə aparacaqsınız?

– Biz ayrı-ayrılıqda hər oyunu qazanmağa fokuslanmışıq. Hazırda yalnız “Araz-Naxçıvan” üzərində qələbə haqda düşünürük. Hansı yeri tutacağımızı mövsümün sonunda görəcəyik.

– Daha sonra “Zirə” ilə kubokun yarımfinal mərhələsinin cavab oyununa çıxacaqsınız. İlk matçda qeydə alınan nəticədən (0:2) sonra finala çıxmaq şansınız nə dərəcədə realdır?

– Açığı, bizi çətin oyun gözlədiyini düşünürəm. Amma inanırıq ki, finala çıxa bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Yayda keçiriləcək dünya çempionatında kimə azarkeşlik edəcəksiniz və hansı milli komandanı çempionluğa əsas namizəd hesab edirsiniz?

– Mən Qananı dəstəkləyirəm. Ona görə də Qana yığmasının qalib gələcəyini düşünürəm (gülür).

CAVAD

Shares: