Son günlər “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovla yayda yolların ayrılacağına dair iddialar var. Hətta Azərbaycan millisinin baş məşqçisinin XXVII turda “Qarabağ”la oyundan sonra mətbuat konfransında “ilk dəfədir bir klubdan rahat şəkildə ayrılıram” deməsi ehtimalları daha da gücləndirib.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Abbasovun əvəzinə namizədlərlə danışıqlara artıq başlayıb. Bölgə təmsilçisi yerli mütəxəssislərlə yanaşı, əcnəbi baş məşqçiləri də nəzərdən keçirir.

Klubun kimlərlə danışıq apardığını, üstünlüyü əcnəbi, yoxsa yerli baş məşqçiyə verəcəyini öyrənmək üçün “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. Klub rəsmisi cavabında dəqiq söz deməsə də, hər iki variantın mümkünlüyünü bildirdi: “Hələ bir yenilik yoxdur. Ayxan müəllimlə hər gün danışığımız olur. Amma hələlik bunu açıqlamaq istəmirik. Onu deyim ki, məsələyə nöqtə qoyulmayıb. Baş məşqçinin mövsümün sonuna qədər müqaviləsi var. O zaman hər şey ola bilər. Yollarımız ayrılarsa, yeni baş məşqçi yerli də ola bilər, xarici də. Hələlik bu barədə danışmaq tezdir. Düzdür, mənim özümdən soruşurlar ki, filankəslərlə danışıqlar aparırsan. Amma nəyin necə olacağını mövsümün sonunda hamı öyrənəcək”.

Qeyd edək ki, Azərbaycan millisinin də baş məşqçisi olan Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”da işləyir. “Şirlər” hazırda 32 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

Shares: