Son dəqiqə qolları hər zaman mübahisə səbəbidir. Həmin qol komandalar üçün həyati əhəmiyyətli matçda vurulubsa, gərginliyin həddi yüksəlir. Bunun üzərinə mübahisəyə səbəb olan epizodun konkret yozumunun olmadığını, hakimlərin yorumuna bağlı olduğunu əlavə etsək, narazılıq üçün növbəti səbəb yaranır. Və qol vuran oyunçu həddi aşıb sevincini qıcıq verirmiş kimi qeyd edəndə olay böyüyür.
Dünən baş tutan “Zirə” – “Neftçi” matçındakı mübahisəli epizodla bağlı Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərhini gözləməli olacağıq. “Neftçi”də hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsinə gətirilən Burçin Keskinin açıqlamalarına da yer verməyə hazırıq. Bütün tərəflər fikrini bildrə bilər…
Sırf bizim mövqeyimizə gəlsək, Ruan Renato Brahim Konatenin qol vurduğu epizodda rəqib qapıçının önündə və oyundankənar vəziyyətdə dayanmışdı. Amma braziliyalı müdafiəçinin epizoda müdaxilə etmədiyini, zərbə vurulan istiqamətdə olmadığını da söyləməliyik. Onun Kənan Piriçin görüş bucağını bağladığından əmin deyilik. Əksini iddia edən “Neftçi”ni də haqsız saymaq olmaz – incə epizod idi və hakim həmin anda ofsayd qərarı versəydi, yenə mübahisələr davam edəcək, bu dəfə “Zirə” etiraz edəcəkdi. Yuxarıda adını çəkdiyimiz şəxslərin şərhlərinigözləməkdə davam edəcəyik…
Əslində, oyunun layiqli nəticəsi məhz heç-heçə idi, hər iki komanda daha artığına layiq deyildi. “Neftçi” qızıl qiymətində olan xalları təkcə hakim səhvinə görə itirmədi. Bakılılar hesabı açdıqdan sonra müdafiəyə çox tez “oturdu”, qoldan iki dəqiqə əvvəl Piriç “doqquzluq”dan top çıxaranda qonaqlar ayılmalıydı. Yuri Vernidubun son əvəzləmələri də qəsəbə təmsilçisinə cəsarətlə irəli atılmaq üçün ruh verdi. “Neftçi” qapıçı Tyaqu Silva (!) meydanın mərkəzində rəqib hücumçudan top alanda da silkələnmədi və yekun nəticə bəllidir.
Qələbəni əldən verən flaqman böyük üstünlük qazanmaq şansını qaçırdı. Amma “Neftçi” hələ də avrokuboka yollanmaq üçün əla şansa sahibdir. “Zirə”dən bir xal geri qalan Vernidubun yetirmələrinin ehtiyatda oyunu da var. Qələbə seriyası bitsə də, ardıcıl məğlubiyyətsiz oyunların sayı 5-ə çatıb. 4-cü pilləni tutub “Zirə”nin kuboku qazanmayacağına ümid etmək lazımdır. Və bu, olduqca real variantdır.
Bütün bunlar öz yerində, hakimlikdəki problemlərə mütləq çarə tapılmalıdır. Ölkənin ən təcrübəli hakimlərindən olan İnqilab Məmmədov matç boyunca tərəflərin əsəbləri ilə oynadı. Bu hakim oyunçularla normal ünsiyyət qura bilmir, sanki tərəfləri qalmaqala təşviq edirdi. Oyunun ipini əlindən verdiyi üçün futbolçular tez-tez onun qərarlarını sorğulayırdı.
Zirədəki oyunun nəticəsi “Turan Tovuz”un da ürəyincə oldu. Qərblilər Sumqayıtda “Araz-Naxçıvan”ı darmadağın edərək qitə yarışlarına yollanmaq üçün şansını xeyli yaxşılaşdırdı. Əsas rəqiblərin bir az da uzaqlaşdığı məqamda üstünlüyünü artıran Kurban Berdıyevin yetirmələri mayın əvvəlində avrokubok biletini cibinə qoya bilər. Hətta tovuzluların ikinci yeri tutmaq üçün də real şansı yaranıb. “Qarabağ” özünə gələ bilməsə, hətta gümüş medallara da həsrət qalacaq.
“Araz-Naxçıvan” üçün isə mövsümün bitdiyini indidən demək olar. Andrey Demçenkonu yaxşı işlər görən Elmar Baxşıyevin yerinə gətirənlər ardıcıl 3 məğlubiyyətdən sonra utanmalıdır.
FƏRİD






