Əfsanəvi braziliyalı basketbolçu Oskar Şmidt San Pauloda 69 yaşında vəfat edib.
O, dünya basketbol tarixinin ən böyük simalarından sayılır. Şmidt oyun tarixinin ən güclü snayperlərindəndir. Heç vaxt MBA-da oynamasa da, milli qəhrəmana çevrilən braziliyalı karyerasını milli komandaya və beynəlxalq arenadakı turnirlərə həsr edib.
O, 1980-ci ildən 1996-cı ilə qədər ardıcıl beş Olimpiya Oyunlarında Braziliyanı təmsil edib və ən çox oyun keçirməklə rekordu təkrarlayıb. Şmidt Olimpiya basketbol tarixində ən çox xal qazanan oyunçudur , basketbolçunun aktivində 1000-dən çox xal var. O, 1988-ci ildə orta hesabla hər oyunda 42,3 xalla Olimpiada tarixinin ən yüksək nəticəsini göstərib.
Şmidtin karyerasının əlamətdar anlarından biri 1987-ci il Panamerika Oyunlarının finalında ABŞ üzərində qələbə sayılır.
1984-cü ildə “Nyu-Cersi Nets” komandası Şmidti draftda seçmişdi. O, komanda ilə məşq etsə də, müqavilə imzalamaqdan imtina etmişdi. Bunun da səbəbi MBA oyunçularının beynəlxalq turnirlərdə iştirak etməsinə icazə verilməməsi idi. Şmidt Braziliya milli komandasında oynamağa davam etməyi üstün tutmuşdu.






