“Qarabağ”ı yalnız bu cür yaxşı komanda dayandıra bilərdi. “Sabah” həm rəqiblərinin səhvlərindən faydalandı, həm də özü çox əla, sabit mövsüm keçirdi. Mövsümdə yalnız bir məğlubiyyət almaq, yenilməzlik seriyası yaxalamaq gərgin işin nəticəsidir.

Ağdamlılar kubokla birlikdə mövsümdəki 4 oyunun heç birində əsas rəqibini yenə bilməyibsə, 2 məğlubiyyət alıbsa, deməli, çempionluğun əldən getməsində öz günahları var. “Sabah” əla təşkilatlanmağı, heyəti düzgün komplektləşdirməyi və dəqiq transferlər etməyi bacardığı üçün bu gün qızıl medalların bir addımlığındadır.

Dünənki matç çempionluq estafetinin təhvil verilməsi mərasiminə bənzəyirdi. Kevin Medinanın qol zamanı sürüşdüyü epizod komandasının durumunun – yıxılmasının rəmzi nümunəsi idi. “Qarabağ” özündən daha yaxşı rəqibə məğlub oldu, hətta meydanda say üstünlüyü qazanarkən də “Sabah”a problem yaratmağı bacarmadı.

Qurban Qurbanovun oyundan sonrakı açıqlamaları başadüşüləndir. Baş məşqçi dolayısı ilə etiraf edib ki, komanda ciddi yenilənməli, güclənməlidir. Və bu, təkcə oyunçu transferindən asılı məsələ deyil. Heyətdəki bir çox oyunçu psixoloji cəhətdən yüklənib və əldən verilən çempionluq bəlkə həm də onların ayılması üçün fürsət olacaq.

“Sabah”ı layiq olduğu çempionluqdan bir neçə xal ayırır. “Bayquşlar” hələ kubokda da uğur qazanmağa çalışacaq. Amma əsas işlər avqustda başlayacaq. Paytaxt təmsilçisi avrokubokda uğurlu çıxış etməyə, hansısa yarışda qruplara yüksəlməyə borcludur. Daxili çempionatda uğur qazanmaqla iş bitmir, “Qarabağ”ın avrokuboklarda etdiklərini də ən azı təkrarlamaq lazımdır. Əks halda, qızıl medalların dəyəri olmayacaq.

“Qarabağ”a gəlincə, komanda dünənki kimi oynasa, hətta ikinci pilləni də əldən verə bilər. “Turan Tovuz”la arada cəmi bir xal fərqi var və növbəti uğursuzluq qərbliləri önə keçirəcək. Qurbanov yetirmələrini toparlayıb ən azı ikinciliyə nail olmalıdır. Yayda isə görüləsi daha çox iş var.

Zaman-zaman hakimliklə bağlı söhbətlər gündəm oldu, müxtəlif səbəblər gətirildi. Amma btün bunların heç bir əsası yox idi. “Sabah” çempionluğu layiqli şəkildə qazanacaq, klub rəhbərliyinin, məşqçilərin, futbolçuların zəhmətinə kölgə salmaq olmaz. Elə təkcə “Qarabağ”la oyunlardakı nəticələr ən güclünün kim olduğunu demək üçün kifayətdir.

“Qarabağ” öz səhvlərinin fərqindədir. Dilə gətirməsələr də, yəqin ki, daxildə bu barədə müzakirələr aparılır. Komandanın heyəti zəngin olsa da, keyfiyyət yetərli deyildi. Ağdamlılar bu yarışı bəlkə də Ramil Şeydayevi heyətinə qatanda, daha səviyyəli hücumçu almayanda, legioner seçimlərində əvvəli qədər sərrast olmayanda uduzmuşdu. Aleksey Kaşuk, Kris Kuaku, Sami Mmae və başqaları əsas heyətə rəqabət yarada, ən azı çempionat oyunlarında faydalı olmağı bacara bilmədilər. “Qarabağ” məşqçi heyətini genişləndirməkdə, daha yaxşı mütəxəssislər cəlb etməkdə də yubandı. Komandanın Avropadakı nəticələri qürurlandırdı, bəlkə “Sabah” iki cəbhədə çıxış edəndə daha çətin duruma düşəcək. Lakin ağdamlılar Çempionlar Liqasına görə çempionata bu qədər barmaqarası yanaşmamalı idi.

Bu mövsümkü uğursuzluq “Qarabağ” üçün dərs olacaq. Komandanın növbəti yarış ilinə tam fərqli hazırlaşacağı şübhə doğurmur. Ağdamlıların aqibəti elə “Sabah” üçün də nümunədir. “Bayquşlar” gələn mövsümdə yenə çempion olmaq istəyirsə, qitə yarışında itirəcəyi gücü düzgün hesablamalı, heyəti zənginləşdirməlidir. Böyümək üçün nəticələrdə sabitlik vacib şərtdir. Əks halda güc tükənəcək, Medinanın epizodunda olduğu kimi birdən-birə sürüşüb yarıyolda qalacaqlar.

FƏRİD

Shares: