“Mövsümün bitməsinə 5 tur qalıb. Bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Geri dönüşlər çox görmüşük, ona görə də səhv etmək istəmirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şəfa”nın futbolçusu Zahid Mərdanov deyib.

Mərdanov sonuncu turda “Baku Sportinq”lə 0:0 hesablı bərabərliyi belə dəyərləndirib: “Futbol oynamaq üçün stadionun şəraiti yaxşı olsaydı, bu oyuna komandamız üçün 2 xal itkisi kimi baxmaq olardı. Ancaq mübarizə tələb edən oyun olduğu üçün belə bərabərlik normal nəticədir. Tək problem stadion idi. Nə rəqib oynaya bilirdi, nə də biz. Halbuki hər mövqedə oyunçularımız keyfiyyətlidir. Komandamızın potensialı hazırda göstərdiyimizdən qat-qat çoxdur. Zaman keçdikcə daha artığını edəcəyik”.

25 yaşlı müdafiəçi komandanın məqsədləri, kollektivdəki birlik və gələcək planlarla bağlı da danışıb: “Bacardığımız qədər çempionluğu tez rəsmiləşdirmək istəyirik. Ona görə də hər oyuna daha məsuliyyətlə hazırlaşıb qələbə qazanmaq niyyətindəyik. Bununla yanaşı, klub daxilində bir ailə kimiyik. Mehribanlıq olan və əziyyət çəkilən komandada həmişə Allahın köməyi olur. Bəlkə başqa klublarda da eyni xüsusiyyətlər var, amma düşünürəm ki, bizdə daha çoxdur. Komanda da, məşqçilər heyəti də potensial olaraq elitanı haqq edir. İnşallah, yüksələ bilsək, daha çox əziyyət çəkərək əsas liqada da öz sözümüzü deməyə çalışacağıq”.

Son olaraq o, şəxsi performansı və inkişafı ilə bağlı fikirlərini bölüşüb: “Demək olar ki, əksər matçlarda əsas heyətdə oynamışam. Amma inkişaf üçün üzərində işləməli çox məqam var. Fiziki göstəricilərimi artırmalıyam”.

GÜNAY SÜLEYMANOVA

Shares: