“Kəpəz”in braziliyalı hücumçusu Luis Paçunun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə 27-ci turda “Karvan-Yevlax”a 1:4 hesablı məğlubiyyətdən başlayaq. Ağır yenilginin səbəbi nə idi?

– Bizim üçün gözlənilməz və ağır məğlubiyyət oldu, amma o oyun bitdi. Artıq bizi “İmişli” ilə keçirəcəyimiz görüş maraqlandırır. Meydanda özümüzü yaxşı tərəfdən göstərməyə hazırıq.

– “Sumqayıt” üzərində qələbə, “Zirə” və “Turan Tovuz”la heç-heçələr, ardından “Qarabağ” üzərində qələbə… Uğurlu seriya yaxalamışdınız, lakin milli fasilədən sonra komanda özünə bənzəmir. Çempionatdakı əsas rəqibləriniz olan “Qəbələ” və “Karvan-Yevlax”a ardıcıl məğlubiyyətlər də bunu təsdiqləyir. Hər şey yaxşı gedərkən komandanın birdən-birə geriləməsinin səbəbi nə oldu?

– Əslində, son matçlarda da çox qaçmışıq, mübarizə aparmışıq. Ümumiyyətlə, həmin məğlubiyyətləri izah etmək çətindir. Yarışın bu mərhələsində turnir cədvəlində özündən geridəki komandalara uduzmaq çox pisdir.

– Növbəti oyun “İmişli”yə qarşı olacaq. Bu mövsüm həmin komandaya qarşı ilk matçda məğlub olmuş, ikinci oyunda isə heç-heçə etmişdiniz. “İmişli” üzərində ilk qələbənizi qazanıb son turlardakı məğlubiyyətlərin əvəzini çıxa biləcəksiniz?

– Bəli, bu oyuna köklənmişik. Hazırda bütün fikrimiz “İmişli” ilə keçirəcəyimiz matçdadır. Qələbələrə qayıtmağa çalışacağıq. Rəqibə meydanda yaxşı cavab verməyə hazırıq.

– “İmişli”nin heyətində ən təhlükəli hesab etdiyiniz futbolçu kimdir? Xüsusilə ehtiyat etdiyiniz oyunçular varmı?

– Yaxşı oyunçuları var. “İmişli” adətən beşli müdafiə sistemi ilə oynayır. Onlar kompakt oynamağa və rəqiblərin səhvini gözləməyə üstünlük verirlər. Rəqibin güclü tərəfləri var, amma biz heç nədən çəkinmirik.

– “Kəpəz” 11-ci pillədən cəmi 2 xal öndədir. 11-ci yeri tutacaq komandanı isə mövsümün sonunda pley-off mərhələsi gözləyir. Bu vəziyyət üzərinizdə təzyiq yaradırmı?

– Cədvəldə cəmi 2 xallıq fərqimiz var. Başa düşürük ki, hələ hansı mövqeyi tutacağımızı təsdiqləməmişik. 6 oyunumuz qalıb və biz qələbə seriyasına qayıtmağa, xallar qazanmağa köklənmişik. İnanıram ki, sonda “Kəpəz” və klubun azarkeşləri sevinəcək.

ABBAS

Shares: