“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb: “Hazırda heç bir qərar yekunlaşmayıb və həm klub, həm də şəxsi planlar baxımından vəziyyət açıq qalır. Buna görə də qalmaq və ayrılmaq ehtimalları eyni səviyyədədir”.

O, həmçinin “Sabah” ilə keçirilən oyun barədə də danışıb: “Ağır oyun oldu. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı. Mübarizə çox gərgin keçdi. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni əldə edə bilmədik. Lakin bir neçə gün sonra kubokda yenidən “Sabah” ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin oyunda daha yaxşı çıxış edərik və mərhələni keçən tərəf biz olarıq. Mən hər oyuna maksimum hazırlaşmağa çalışıram və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ümid edirəm ki, növbəti görüşdə hər şey bizim üçün daha yaxşı olacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: