“Kəpəz”in enişi davam edir. “Qarabağ” üzərində sonuncu sürpriz qələbədən bəri qərbliləri tanımaq olmur. Gəncə təmsilçisi yavaş-yavaş mövsümün əvvəlindəki komandaya oxşayır.
Yəqin ki, “Karvan-Yevlax” mövsümə bir az yaxşı hazırlaşsaydı, indi özündən öndə olan komandalar bu qədər rahatlaşmaz, sonuncu olmamaq uğrunda mübarizə daha gərgin keçərdi. Lakin aradakı xal fərqinin böyük olması bəlkə də “Kəpəz”i rahatlaşdırdığından indi oyunlara motivasiyalı çıxmırlar.
“Qəbələ”niin xal itirdiyi həftədə qələbə “dağlılar”ı xeyli önə atacaqdı. Amma Şamaxıda meydan sahibləri rəqibinə heç bir şans vermədi. Ayxan Abbasovun yetirmələri 4 oyunluq seriyanı dayandıraraq Premyer Liqada qalmağı rəsmiləşdirdi. Ötən tur Yevlaxda alınan məğlubiyyətdən sonra bu nəticə həm də “Sumqayıt”a çatmaq şansını davam etdirməyə imkan verdi.
Təbii ki, günün matçı Azərbaycan derbisi idi. Amma “Qarabağ” hələ ilk hissədə qolları sıralayıb intriqanı aradan qaldırdı. 9500 azarkeşin gözü önündə, gözəl ab-havada keçən qarşılaşma göstərdi ki, “Neftçi” yüksək yerlər uğrunda mübarizəyə hazır deyil. Düzdür, komandanın avrokuboklara vəsiqə şansı davam edir, lakin 4-cü pillədən yuxarıya ümid etmək yersizdir.
Qurban Qurbanovun heyətdə etdiyi dəyişikliklər də heç nəyi dəyişmədi. Meydana çıxan oyunçular fasiləyədək üstünlüyü təmin etdi, ikinci hissədə isə fərqi böyütdü. İki ildən sonra ağdamlılara qol vurmağı bacaran “Neftçi” ardıcıl 11-ci məğlubiyyəti aldı. “Qarabağ” son 18 matçda bu rəqibinə cəmi bir xal verib.
“Qarabağ” zaman-zaman təşəbbüsü əldən versə də, matçın böyük hissəsində o qədər üstün oldu ki, bir an belə qələbəsinə şübhə yeri qoymadı. Matç həm də “Neftçi” üçün əyani vəsait oldu. Samir Abasovun yığdığı heyət böyük məqsədlər üçün döyüşməyə qadir deyil, komanda Yuri Vernidubun istədiyi kimi formalaşmalıdır. O başqa məsələ ki, iddialı komandalardan heç birini məğlub edə bilməyən ukraynalı mütəxəssisin özünün də taleyi rəhbərlik səviyyəsində müzakirə oluna bilər. Elə tez-tez məşqçi dəyişikliyinə getməyin komandanı bu vəziyyətə saldığı da unudulmamalıdır. Verniduba güvənmək bəlkə də hazırda ən yaxşısıdır.
Ağır məğlubiyyət olsa da, “Neftçi” tez toparlanmalı, qitəmiqyaslı yarışlara getmək üçün sonadək döyüşməlidir. Amma əsas məqsəd yeni mövsümdə daha yaxşı olmaqdır. Çünki çempionluq yarışında yeganə rəqib “Qarabağ” deyil, “Neftçi” həm də “Sabah”la rəqabətə hazır olmalıdır.
FƏRİD






