“Karvan-Yevlax”ın ümidləri tükənmək üzrədir. Ardıcıl 2 qələbə ilə Premyer Liqada qalmağa həvəslənən bölgə təmsilçisi dünən bunun ani alovlanma olduğunu isbatladı.

“Neftçi” ilə qarşılaşmada sürpriz nəticə Füzuli Məmmədovun yetirmələrini “Qəbələ”yə çatmağa həvəsləndirə bilərdi. Amma bəxt, əzmkarlıq səni bir yerə qədər daşıya bilər, qarşına hədəfi olan komanda çıxırsa, möcüzə mümkünsüz olur.

“Neftçi” yevlaxlıların ümidini erkən qırdı. 31-ci dəqiqədə hesabı açan qonaqlar fasilədən həmən sonra fərq artırdı, davamını gətirdi və mövsümdəki ən asan qələbələrindən birini qazandı. Bakılılar bununla 4-cü yer uğrunda mübarizədə güzəştə getməyəcəyini də göstərdi. Əslində, aşkar autsayder qarşısında büdrəmə ötən həftə “Qarabağ” üzərində qazanılan qələbəni əhəmiyyətsiz edərdi. Lakin Yuri Vernidub oyuna yanaşması ilə avrokuboka vəsiqə üçün sonadək döyüşəcəklərini göstərdi.

30-cu turun bağlanış matçı baxımlı alınmadı. Oyunun gözəlliyi üçün hər iki tərəfin yaxşı oynaması şərtdir. Yevlaxda meydana çıxanlardan isə yalnız biri səviyyə göstərdi. Heyəti yetərsiz olan “Karvan-Yevlax” sırf təsadüfi nəticəyə ümid bağlanan futbol sərgilədiyi üçün tamaşa alınmadı. Ustalığın önünə çıxarmaq üçün yeganə silah əzmarlıq idi ki, meydan sahibləri bunu da bacarmadı.

FƏRİD

Shares: