“Qarabağ”ın transfer gündəmində olan Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter mövsümün sonunda komandasını dəyişəcək.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin rəhbərliklə bu barədə söhbəti olub.
Tərəflər yayda yolların ayrılmasında ortaq məxrəcə gəliblər. Bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən Qorter artıq özünü başqa liqada sınamağı düşünür. Niderlandlı müntəzəm oynamadığı üçün transfer dəyəri də qat-qat aşağı düşüb.
Hazırda onun keçmək ehtimalı olan 2 klub var ki, bunlardan biri “Qarabağ”, digəri isə Niderland təmsilçisi “Qo Ehed İqlz”dir.
Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.






