“Sabah”ın nigeriyalı futbolçusu Cesse Sekidikanın futbolinfo.az saytına müsahibəsi
– “Sabah” bu mövsüm tarixində ilk dəfə Azərbaycan çempionu adını qazandı. Çempionluğu necə şərh edərdiniz? Mövsümün əvvəlində bu uğura imza atacağınıza inanırdınız?
– Çempion olmaq həqiqətən çox xüsusi hissdir. Bu uğur futbolçuların, məşqçilər heyətinin və rəhbərliyin zəhmətinin, inamının və sabitliyinin nəticəsidir. Mövsümün əvvəlində güclü komandamızın olduğuna inanırdıq, amma çempion olmaq heç vaxt asan deyil. Addım-addım bu inamı formalaşdırdıq və mövsüm irəlilədikcə bunun mümkün olduğunu gördük. Sonadək diqqətli və fokuslanmış qaldığı üçün bütün komandaya təşəkkür düşür.
– 30-cu turda səfərdə “Şamaxı”nı 3:0 hesabı ilə üstələdiniz. Adətən iddialı komandalara başağrısı olan rəqibə rahatlıqla qalib gəlməyinizin sirri nədədir?
– “Şamaxı” xüsusilə öz meydanında həmişə intizamlı və çətin rəqib olur. Bu oyunda əsas amil yanaşmamız idi – matça yüksək tempdə başladıq, kompakt oynadıq və yaranan fürsətlərdən maksimum yararlandıq. Rəqibə hörmətlə yanaşdıq, amma eyni zamanda oyunun əvvəlindən öz futbolumuzu diqtə etdik və bu da fərqi yaratdı.
– Çempionatdakı son 3 oyunda “Kəpəz”, “Neftçi” və “Turan Tovuz”la qarşılaşacaqsınız. Artıq sizin üçün formal xarakter daşıyan bu matçlarda da məqsəd mütləq qələbə qazanmaq olacaq, yoxsa futbolçular ilk növbədə böyük güc sərf etməməyə, özlərini zədədən qorumağa çalışacaqlar?
– Bu səviyyədə hər oyun önəmlidir. Biz klubu, azarkeşləri və özümüzü təmsil edirik, ona görə də yanaşma dəyişmir – hər matça qələbə üçün çıxırıq. Əlbəttə, qarşıda vacib final oyunu olduğu üçün formada qalmaq da önəmlidir, amma komandanın standartı eyni qalır.
– Liqa matçları ilə müqayisədə Azərbaycan Kubokunun finalında “Zirə” ilə keçirəcəyiniz qarşılaşma sizin üçün böyük əhəmiyyət kəsb edəcək. Ardıcıl 2-ci dəfə kuboku götürə və mövsümü “qızıl dubl” ilə tamamlaya biləcəksiniz?
– Kubokun finalı bizim üçün çox önəmlidir. Çempionluq böyük uğur idi, amma biz daha çoxunu istəyirik. “Zirə”nin güclü və yaxşı təşkil olunmuş komanda olduğunu bilirik, ona görə də asan olmayacaq. Amma öz keyfiyyətimizə və mentalitetimizə inanırıq. Ən yaxşı oyunumuzu sərgiləsək, mövsümü “qızıl dubl”la başa vura bilərik.
– Adətən əsas heyətdə yer almır, sonradan meydana buraxılırsınız. Bunun səbəbini nədə görürsünüz? Az oynamağınız yayda komandadan ayrılmağınıza səbəb ola bilərmi?
– Mövsümün əvvəlində zədə problemlərim oldu və bu, ritm tapmağımı, stabil çıxış etməyimi çətinləşdirdi. Heyəti baş məşqçi müəyyənləşdirir, onun qərarına hörmətlə yanaşmalıyıq. Bu, futbolun bir parçasıdır. Düzü, hazırda bütün diqqətimi mövsümü güclü başa vurmaq və komandaya maksimum fayda verməyə yönəltmişəm.
– “Sabah” Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. “Qarabağ”ın Avropadakı möhtəşəm uğurlarından sonra azarkeşlər komandanıza qarşı da tələbkar olacaqlar. Sizcə, “Sabah” “Qarabağ”ın ÇL-dəki uğurunu təkrarlaya biləcək?
– “Qarabağ” Azərbaycan futbolunu Avropada çox yüksək səviyyədə təmsil edib və buna görə böyük hörmətə layiqdir. “Sabah” üçün isə bu, yeni çağırış və böyük fürsətdir. İnanıram ki, komandamız Avropada da yaxşı nəticələr qazanacaq.
FƏRİD






