Timoteuş Puxaçın “Sabah”la imzalayacağı müqavilənin detalları müəyyənləşib.
Futbolinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi Misli Premyer Liqasının qalibi ilə sözləşmədə ortaq məxrəcə gəlib.
Hazırda “Sabah”da icarə əsasında oynayan və müqavilə ilə Almaniyanın “Holştayn Kil” klubuna məxsus olan Puxaç mövsümün sonunda Azərbaycan təmsilçisinə birdəfəlik keçəcək. Razılığa əsasən, Polşa millisinin üzvü “bayquşlar”la 3 illik sözləşmə bağlayacaq. Yəni o, 2029-cu ilin yayına qədər “Sabah”a məxsus olacaq.
İndi qalır “Holştayn Kil”i razı salmaq. Almanlar əvvəlcə 1 milyon avro tələb etsə də, keçidin təxminən 600-700 min avroya həlli gözlənilir.
“Sabah”ın transfer rekordu Kahim Parrisdir. Yamaykalı 2024-cü ildə Kiyev “Dinamo”sundan 600 min avroya alınıb. Puxaçın transferinə daha yüksək məbləğ ödənilsə, polşalı “Sabah” tarixinin ən bahalı keçidi olacaq.
Qeyd edək ki, Timoteuş Puxaç bu mövsüm Misli Premyer Liqasında 12 məhsuldar ötürmə ilə yadda qalıb.






