“Mövsümün sonudur və belə qarşılaşmalarda ən xırda detallar belə nəticəyə təsir edə bilər. Finalın təcrübəsi olmur. Hər iki komandanın bu titulu qazanmaq üçün kifayət qədər şansı var. Komandalar oyun üslubu baxımından bir-birinə əksdir. “Sabah” daha çox hücuma meyilli futbol oynayırsa, “Zirə” müdafiə futboluna üstünlük verir”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında təcrübəli mütəxəssis Elmar Baxşıyev səsləndirib.
Tanınan məşqçi kubokun final görüşü ilə bağlı danışarkən qarşılaşmanın gərgin və maraqlı keçəcəyini bildirib: “Final oyununun gərgin keçəcəyini öncədən təxmin etmək olar. Nəzərə alsaq ki, final bir oyundan ibarətdir, burada hansısa komandanı favorit göstərmək düzgün olmazdı. Sadəcə, psixoloji üstünlüyün müəyyən mənada “Sabah”ın tərəfində olduğunu düşünmək olar. Çünki onlar çempionluğu təmin ediblər və bu görüşə fərqli əhval-ruhiyyədə çıxacaqlar”.
Mütəxəssis çempionatdakı nəticələrin finala ciddi təsir etməyəcəyini də vurğulayıb: “Çempionat oyunlarında “Sabah”ın “Zirə” üzərində üstünlüyü olubsa, bunu yalnız statistik baxımdan final üçün müəyyən üstünlük kimi qeyd etmək mümkündür. Amma kubok matçı tamam fərqli oyundur. Burada daha çox istəyən və meydanda balanslı çıxış edən komanda kuboka sahib çıxacaq”.
Sonda isə Baxşıyev azarkeşlərin baxımlı oyuna şahidlik edəcəyinə ümid etdiyini bildirib: “Ümid edirik ki, hər iki komanda azarkeşlər üçün baxımlı və maraqlı oyun nümayiş etdirəcək. Hər iki heyətdə oyunun taleyini hər an dəyişə biləcək futbolçular var. Buna görə də əvvəlcədən hansı komandanın daha üstün olduğunu demək mümkün deyil”.
GÜNAY SÜLEYMANOVA






