Rusiya güləşçilərinə beynəlxalq yarışlarda öz bayraqları və himnləri ilə çıxış etməyə icazə verilib. Bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarov məlumat verib.
“Birləşmiş Dünya Güləşi (UWW) Bürosu Rusiya idmançılarının bütün yaş kateqoriyalarında heç bir məhdudiyyət olmadan beynəlxalq yarışlarda iştirak etməsinə icazə vermək qərarına gəlib. Güləşçilərimiz milli komandanın tərkibində, dövlət bayrağı altında və himnləri ilə yarışa biləcəklər.
Bütün güləşçilərimizi və azarkeşlərimizi təbrik edirik. Rusiya üçün bu, ən çox medal qazanan idman növlərindən biridir. Qurum sərbəst, yunan-Roma, qadın güləşi, qripplinq, pankration və bir neçə digər idman növlərini əhatə edir. Federasiya əvvəllər 23 yaşa qədər bütün Rusiya idmançılarının yarışmasına icazə vermişdi” – deyə nazir qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl cüdo (IJF), sambo (FIAS), taekvondo (Dünya Taekvondo), kikboksinq (WKF), muay tay (IFMA), boks (IBA), MMA federasiyaları tərəfindən rusiyalı idmançılara turnirlərdə öz bayraqları altında iştirak etməyə icazə verilib. Ümumilikdə, Rusiya bayrağı 20-dən çox federasiyanın yarışlarında dalğalana bilər.






