“Araz-Naxçıvan”ın əsas futbolçularından olan Bruno Frankonun mövsümün sonunda Azərbaycandan ayrıla biləcəyi ilə bağlı xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin “Iğdırspor” və İsrailin “Hapoel” (Tel-Əviv) klubları braziliyalı müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. İddialara görə, “Araz-Naxçıvan” yayda bir çox futbolçusu ilə yollarını ayıracaq. Onlardan biri də Frankodur.
Brunonun meneceri Marcelo Robalinho (Think Ball) saytımıza açıqlamasında futbolçunun gələcəyinin hələ dəqiqləşmədiyini bildirib: “Bruno Azərbaycanda çox xoşbəxtdir, biz onun gələcəyini müəyyən etməyə tələsmirik. “Araz-Naxçıvan”ın müqaviləni daha bir mövsüm uzatmaq üçün imkanı var. Aydındır ki, o, yaxşı futbolçudur və biz artıq Azərbaycandan, Türkiyədən, İsraildən və Yunanıstandan digər klublardan təkliflər almışıq. Hazırda onun klubda bir oyunu qalır. Ona görə diqqətini ora yönəldib. Karyerasını harada davam etdirəcəyi isə dəqiq bilinmir”.
Qeyd edək ki, Bruno Franko 2025-ci ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. Hazırda futbolçunun transfer dəyəri 400 min avro olaraq qiymətləndirilir.






