Misli Premyer Liqasında cari mövsümün qalibi “Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində debütünü Rumıniya və ya Moldova çempionatının qalibinə qarşı edə bilər.
Belə ki, “Universitatya Krayova” və “Petrokub” mümkün rəqiblər sırasına qoşulublar. Bununla “Sabah”ın potensial rəqiblərinin sayı 13-ə yüksəlib. Təmsilçimizin ilk raunddan cəmi 1 potensial rəqibi bəlli deyil. Bu da Ermənistan çempionunun kimliyindən asılı olacaq. Çünki ya bu ölkənin qızıl medalçısı, ya da Uels klubu TNS səpələnmişlərə qoşulacaq.
Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova).
Səpələnməmişlər: “İnter Eskaldes” (Andorra), “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “ETO Dyor” (Macarıstan), “İberia” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “Vitebsk” (Belarus), Albaniya çempionu, Lüksemburq çempionu, Monteneqro çempionu.
Qeyri-müəyyənlər: TNS (Uels), Ermənistan çempionu.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.






