“Sabah”ın sabiq futbolçusu Boyan Letiç futbolinfo.az saytına müsahibə verib.

2022-ci ilin fevralından 2026-cı ilin yanvarınadək “bayquşlar”ın formasını geyinən bosniyalı müdafiəçi ümumilikdə 125 oyun keçirməklə yanaşı, klubun tarixində önəmli rol oynayıb. Letiç “Sabah”ın tarixində ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla bərabər, həm də komandanın avrokuboklardakı ilk qolunun müəllifidir.

Hazırda Bosniya və Herseqovinanın “Sloqa Meridian” klubunda çıxış edən 33 yaşlı müdafiəçi verdiyi müsahibədə həm komandadan ayrılığının səbəblərinə aydınlıq gətirib, həm də digər maraqlı sualları cavablandırıb:

– Bosniya və Herseqovinanın Premyer Liqasında çıxış edirəm. Bura 3 ay əvvəl gəlmişəm və mövsümün sonuna qədər müqavilə imzalamışam. Ona görə də yaydan etibarən yenidən xaricdə yeni klub axtaracağam. Bir Bosniya klubundan idman direktoru olmaq üçün çox maraqlı təklif aldım, lakin bunun üçün çox tez olduğunu düşünüb imtina etdim. Hələ də oynamaq və futboldan zövq almaq istəyirəm. Çünki meydanda verə biləcəyim çox şey olduğuna əminəm. Hesab edirəm ki, bunun üçün təcrübə qazanmaq lazımdır, ona da vaxt gələcək.

–  Maraqlıdır, hansı klub sizə idman direktoru vəzifəsi təklif etmişdi?

– Klubun məxfiliyinə görə demək istəmirəm.

– Bir müsahibənizdə iyunadək Azərbaycanda oynamaq icazəniz olmadığını demişdiniz. Növbəti mövsümdə sizi yenidən Azərbaycanda görmək ehtimalı nə qədərdir?

– Yaydan etibarən azad agentəm. Ona görə də imkan daxilində Azərbaycan Premyer Liqasına qayıtmaq üçün mütləq bir klub axtaracağam.

– Ancaq avrokuboklarda çıxış edən klublardan gələn təkliflərə baxacaqsınız, yoxsa, istənilən dəvəti dəyərləndirərsiniz?

– Avrokuboklarda oynayan bir klubun olması yaxşı olardı. Amma Azərbaycandan gələn bütün təklifləri dəyərləndirəcəyəm.

– Sabiq klubunuz “Sabah” çempionluğu və Azərbaycan Kubokunu qazanaraq tarixi uğura imza atdı. Bununla bağlı təəssüratlarınız necədir?

– Düzünü desəm, çox təsirləndim. “Sabah”ın uğurlarına görə çox şadam. Uzun illər o klubun bir parçası olmuşam və hər il daha da inkişaf etdiyinin şahidiyəm. İlk növbədə klub rəhbərliyinə, başda prezident Maqsud Adıgözəlov və idman direktoru Ramin Həsənov olmaqla, hamıya təşəkkür edirəm. Onlar çox yaxşı bir komanda qurdular və həm çempionluğu, həm də kuboku qazanaraq öz üstünlüklərini sübut etdilər.

– Klubda hələ də kimlərlə əlaqə saxlayırsınız? Bu uğurdan sonra kimləri təbrik etdiniz?

– İnsanların çoxu ilə əlaqədəyəm… İlk təbrik etdiyim şəxslər idman direktoru Ramin bəy və prezident Maqsud bəy oldu. Daha sonra isə münasibətimin çox yaxşı olduğu futbolçuların və digər insanların əksəriyyətini təbrik etdim.

– Ümumiyyətlə, şəxsən özünüz belə anlarda komandanın bir parçası olmağı və bu uğura töhfə verməyi istərdinizmi? Bu sevinci komanda ilə birlikdə yaşaya bilmədiyiniz üçün hər hansı bir məyusluq və ya kədər hiss edirsinizmi?

–  Çox istərdim. Çünki “Sabah” mənim qəlbimdədir. Amma peşman deyiləm, “kaş belə olardı” deyə düşünmürəm. Deməli, belə olmalı imiş. “Sabah”ın bir parçası olduğum üçün xoşbəxtəm və “Sabah”ımın “qızıl dubl” etməsinə çox sevinirəm. Təəssüf edirəm ki, “Sabah”la birlikdə avrokubokların qrup mərhələsində oynaya bilmədim. Amma indi bunu bacarmalarını çox istəyirəm, çünki əllərində mütləq yararlanmalı olduqları əla bir şans var.

– Siz “Sabah”ın avrokuboklar tarixində ilk qolunun müəllifisiniz… Yəqin ki, Çempionlar Liqasında oynamağa da layiq idiniz…

– Təkcə “Sabah”da deyil, çıxış etdiyim hər yerdə… Bu, futbolçu karyeramda reallaşmayan bir arzu olaraq qaldı. Kim bilir, bəlkə də Tanrı bunu mənə məşqçi kimi nəsib edəcək.

– Valdas Dambrauskas “Sabah” tarixinin ən uğurlu məşqçisi hesab olunur. Hətta belə fikirlər də var ki, bu uğur illər əvvəl Murad Musayevlə də qazanıla bilərdi. Bu məşqçi haqqında nə düşünürsünüz?

– Murad Musayevin bacarmadığını edərək “qızıl dubl” qazandığı üçün o, şübhəsiz ki, ən uğurlusudur. Buna görə də təbrik edirəm. Yenə deyirəm, “əgər o vaxt bu və ya digər şey baş versəydi, nə olardı” kimi söhbətlər sadəcə fərziyyələrdir. Bu barədə şərh vermək istəmirəm, çünki o vaxt belə bir şey baş verməmişdi, indi isə artıq hər şey reallaşıb.

– Ümumiyyətlə, əgər hələ də burada olsaydınız, “Sabah”ın Çempionlar Liqasında hansı komanda ilə qarşılaşmasını istərdiniz? Yaxud “Sabah” Avropada və ya Azərbaycanda hansısa bir kluba qarşı oynasaydı, hansı matçı canlı izləmək istərdiniz?

– Bu barədə düşünməmişəm. Hansı klubla qarşılaşmaqlarından asılı olmayaraq, bu, “Sabah” üçün artıq böyük uğurdur. Onlara püşkatmada uğurlar arzulayıram və ümid edirəm ki, növbəti mövsümdən hansısa avrokubokun qrup mərhələsində mübarizə aparacaqlar. İstər Azərbaycanda, istərsə də başqa bir ölkədə olsun, gəlib bir oyunu canlı izləyəcəyimə ümid edirəm.

– “Sabah” “Qarabağ”ın Çempionlar Liqasındakı uğurunu təkrarlaya bilər, yoxsa bunun üçün hələ tezdir və çətindir?

– “Sabah” bu mövsüm “Qarabağ”a qarşı keçirdiyi hər oyunda öz gücünü göstərdi və tam layiq olduğu “qızıl dubl”u qazandı. Çempionlar Liqasında necə çıxış edəcəyini isə zaman göstərəcək. Tələsmədən, addım-addım irəliləmək lazımdır.

FƏRİD

Shares: