Bu mövsüm “Qəbələ”yə dərs olmalıdır. Komandanın Premyer Liqadakı yerini yalnız pley-off matçından sonra qoruya bilməsi rəhbərliyi silkələməlidir.

İndi klub prezidenti Fariz Nəcəfov baş məşqçi Kaxaber Sxadadze ilə bağlı radikal qərar verməlidir. Mövsümün gedişində ab-havanı korlamamaq, daha pisinə səbəb olmamaq üçün gürcü mütəxəssisə qarşı səbir başadüşülən idi. Lakin indi dəyişiklik zamanıdır.

“Qəbələ” bir çox komandadan büdcə, şərait baxımından daha üstün ikən 11-ci pilləni tutdusa, buna görə məhz Sxadadze məsuliyyət daşıyır. Onun azarkeşlərlə tez-tez münaqişə yaşaması, hakimlərə qarşı ədəbsiz jestləri, məşqlər zamanı futbolçularla söyüşlə danışması artıq heç kimə sirr deyil. Kaxanın üzündən “Qəbələ”nin müsbət imcinə xələl gəlib, daim rəğbət duyulan bölgə təmsilçisi indi əvvəlki qədər sevilmir.

Həm davranışı, həm nəticələr üzündən Sxadadzenn istefaya göndərilməsi məsləhətdir. Gürcü mütəxəssisin bir müddət psixoloji dəstək almasında fayda var. Eyni qaydada işləməyə davam edəcəksə, qoy qalmaqallarını özü ilə başqa ölkəyə aparsın.

“Qəbələ” dünən “Mingəçevir” üzərində layiqli qələbə qazandı. I Liqa təmsilçisinin qapıçısı Orxan Sadıqlının sayəsində darmadağından qaçan mingəçevirlilər yəqin ki, səviyyə fərqini hiss etdi. “Qəbələ” məhz daha yaxşı ifaçılar sayəsində rəqibinə üstün gəldi.

Oyuna maraq kifayət qədər yaxşı idi. İki bölgə təmsilçisi azarkeşlərlə bağlı fəal iş görmüşdü və Sumqayıtda yaxşı ab-hava yaranmışdı.

Bunda dəyişdirilən reqlamentin də rolu var. Çempionatda pley-off qaydasının tətbiqi yarışa marağı artırıb. Düzdür, keçid oyunlarında liqalar arasındakı fərq özünü göstərir, lakin mövsüm boyunca hədəfə yaxın olub ona çatmayanlar üçün bu matçlar bir növ əlavə şansdır. Nəvaxtsa sensasiya da olacaq.

Yaxşı ki, həmin sensasiya dünən olmadı. Söhbət “Qəbələ”yə simpatiyadan getmir. Sadəcə, “Mingəçevir” hələ Premyer Liqaya hazır deyil. Təsəvvür edin, komanda elitaya vəsiqə qazansaydı, Bakıya, Sumqayıta, Yevlaxa və hansısa başqa şəhərə sığınacaqdı, qaçqın kimi yaşayanlardan biri də artacaqdı.

Ramiz Məmmədov məşqçi kimi mümkün olanın ən yaxşısını etdi. Onun son turda “Səbail”i darmadağınla sıradan çıxarması, daha imkanlı klublardan üstə çıxması və bunu yerli futbolçularla etməsi qeyd olunmalıdır. O, əzmkarlıq və birlik yaratmaq bacarığı sayəsində mümkün olanın ən yaxşısına nail oldu, “Qəbələ” lə qarşılaşma isə artıq futboçuların ustalıq səviyyəsindən asılı idi, nəticəni də onlar müəyyənləşdirdi.

Növbəti mövsüm də, daha sonra da belə olacaq. “Mingəçevir”in indi etdiyi boyundan hündürə tullanmaqdır. Klub rəhbərliyi anlamalıdır ki, mövcud şərtlərlə Məmmədov maksimumu bacardı. İndi strateji qərarlar vermək vaxtıdır. Bu, heyəti ağılsızca pul xərcləyərək gücləndirmək olmamalıdır. Mingəçevir kimi idman şəhərinə böyük klub yaraşır.

Rəhbərlik infrastruktura diqqət yetirməli, bazasını, stadionunu düzəltməlidir. Daha sonra pillə-pillə irəliləmək, elitanın daimi üzvü olmaq lazımdır. “Karvan-Yevlax” kimi gəlib bir ildən sonra aşağı liqaya düşməkdənsə, klub kimi böyümək yaxşıdır.

FƏRİD

6a187390a564452 - Futbolinfo.az
Shares: