İordaniya millisi DÇ-2026-nın qrup mərhələsində Argentinaya qol vurmağı bacaran yeganə komanda olub.

Futbolinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Camal Sellami J qrupunun 3-cü turunda Argentinaya 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Mütəxəssis oyunlarda xırda səhvlərin komandaya baha başa gəldiyini vurğulayıb:

“Argentina mükəmməl oyunçulara sahib olan ən güclü kollektivlərdən biridir. Qrup mərhələsində onlara qol vurmağı bacaran yeganə komanda biz olduq. Rəqibə qarşı necə mübarizə aparmaq lazım olduğunu bilirdik. Komanda turnirdə 3 matç keçirdi və hər birində qol vurmağı bacardı. Lakin xırda səhvlər bizə çox baha başa gəldi və məhz bu səbəbdən qapımızda qollar gördük. Son dünya çempionuna qarşı oynayarkən edilən səhvlərin cəzası ağır olur”.

O, komandanın fiziki hazırlığının və bacarıqlarının yüksək səviyyəli rəqiblərlə qarşılaşmalarda daha da artacağını bildirib:

“Bizim üçün ən önəmli məqam oyunçuların illərdir üzərində çalışdıqları futbol mühitini daxildən hiss etmələridir. Bu təcrübə onlara gələcəkdə mütləq kömək edəcək. Futbolçularıma daim özlərini inkişaf etdirməyi və fiziki hazırlqlarını gücləndirməyi tapşırıram, çünki belə güclü rəqiblərlə oyunlar daha yüksək dözümlülük tələb edir. Biz onların bacarıqlarını artırmaq üçün çalışdıq və komanda gələcəkdə belə turnirlərə daha yaxşı hazır olacaq”.

Shares: