Su aydınlıqdır. Su həm də gözəl nemətdir, çox səbəblə istifadə etmək olur. Əsəb soyutmaq üçün su içmək də məsləhətlidir…

“Turan Tovuz” aydan arı, sudan duru deyilmiş. Klub ətrafında gəzən söz-söhbətlər bu şayiələrə rəvac verib. Qərblilər hardasa yanlışa yol verib ki, indi avrokubokdan kənar qalmaq təhlükəsi ilə üz-üzədir.

Tovuzluların mətbuat xidmətinin təkzibi istisna olunmaqla, olaylarla bağlı hər hansı rəsmi açıqlama, məlumat yoxdur. Ortada sıradan sayılmayacaq qədər ciddi proses var, lakin hamı susur. Tez-tez açıqlama verən, münasibət bildirən Ehtiram Quliyev də susub. “Turan Tovuz”un İdarə Heyətinin rəhbəri klubunun ətrafında cərəyan edən hadisələrlə bağlı heç nə danışmır.

Səmimi qəlbdən “Turan Tovuz”un düşdüyü cəncəldən çıxmasını, avrokuboka yollanmasını istəyirəm. Klubun futbola təsadüfən düşən idarəçiləri zatən bu məsələ gündəmə gəlməklə dərsini aldı, lakin tovuzlu azarkeşlər belə məyusluğa layiq deyil, onlar komandaya ürəklə azarkeşlik ediblər, sevinmək onların haqqıdır.

Lakin azarkeşlərin də əsəbi ilə oynayan kimlərsə var. Bəlkə də kimlərsə olmayan problemi qabartmaqla xaos yaratmaq istəyir, bəlkə belə olması kiminsə işinə yarayır. Amma başverənlər ona oxşamır, sanki klub daxilində hansısa işçinin məsuliyyətsizliyi, biganəliyi “bombanın partlamasına” səbəb olub.

Kimsənin haqqına girmədən həqiqətin üzə çıxmasını gözləməliyik. Bircə o dəqiqdir ki, məğzini tam bilmədiyimiz bu olay qeyri-adi bir şeydir, analoqu yoxdur. Vaxtilə cəzalı futbolçu oynatdığı üçün texniki məğlubiyyət alan klubumuz da olub, eyni səhvdən yararlananımız da. Amma danışılmış oyunlar üzündən yaranan problemə görə qitə yarışından kənarlaşdırılanı görməmişdik. Bu prosesi vaxtilə eyni situasiya ilə üzləşən “Osasuna” nümunəsi ilə də müqayisə etməməliyik. İspaniya təmsilçisi həmin vaxt günahsızlığını sübut etmişdi, tovuzluların isə belə şansı yoxdur. 7 oyunçu nəticələrin manpuliyasıyasına görə cəzalanırsa, bu kütləvilik klubun da günahkar bilinməsi üçün kifayətdir.

Klub rəhbərliyi problemi həll etmək üçün çalışır. Ümid edək ki, səylər bəhrəini verəcək. Doğrusu, şans azdır, yalnız istisnalardan faydalanmağın mümkünlüyünə inanmalıyıq. Bu həftə yekun qərar verilməli, açıqlanmalıdır. Çünki avrokubok mövsümünə, ilk püşkatmaya sayılı günlər qalıb və iştirakçıların siyahısı tezliklə dəqiqləşməlidir. Prosesin uzanması mümkünsüzdür.

UEFA çox ciddi qurumdur, əldə əsas olmadan kiminsə qarşısını kəsməz. Əldə etdiymiz bilgiyə görə, kluba zamanında xəbərdarlıq məktubu göndərilib, 2019-cu ildə baş verən olaylara görə 10 illik müddət üçün qitə yarışlarında iştirakın mümkünsüzlüyü xəbər verilib. Sadəcə, əməkdaşların məsuliyyətsizliyi üzündən həmin sənədə vaxtında diqqət edilməyib. Bəlkə də klub işin üstünə vaxtında düşsəydi, rəhbərliyin dəyişməsini əsas gətirərək nələrəsə nail olardı. Apellyasiya verməyə, prosesi udmağa daha çox zaman və şans olardı. İndi isə dar macalda bunu etmək çətin görünür.

Deyək ki, “Turan Tovuz” məsələni müsbət həll etdi. Bu, klubun normal idarə edilməsi demək olmayacaq. Azarkeşləri kiməsə qarşı kökləmək, kənarda günah axtarmaq doğru deyil. Qərblilər öz düşərgəsinə baxmalı, məsuliyyətsizlik edənləri aşkarlamalıdır. “Turan Tovuz” azarkeşlərinin əsəbləri ilə oynayanların kimliyi müəyyənləşməlidir. Bədbəxtçilik ondadır ki, özünü idarə edə bilməyənlər klub idarə edir, milyonların taleyinə qərar verir.

Ehtiram Quliev uğurlu biznesmen, bacarıqlı rəhbərdir. Lakin o, ətrafına ciddi şəkildə nəzər yetirməli, klubda güvəndiyi insanların potensialını bir daha dəyərləndirməlidir. Cənab sədri dəfələrlə xəbərdar etmişik – onun yanında futbol mütəxəssisləri olmalıdır, şəxsi prinsiplərini ümumi maraqlardan üstün tutan nəsimilər yox. Hər sahənin spesifikası var, səriştəli insanlar prosesin içində yer almalıdır. Tələbə yoldaşı, dost, qohum yaxın ətrafda ola bilər, amma futbol idarəçiliyi bu işin mütəxəssislərinə həvalə olunmalıdır.

Çərşənbə günü “Turan Tovuz”un taleyinə aydınlıq gələcək. Bildiyimizə görə, məhz həmin gün bütün suallara cavab tapılacaq. Hər şeyin xoş sonluqla bitəcəyinə ümid edirik. Amma istənilən halda Quliyev idarəedici komandasına əl gəzdirməlidir. Xahiş-minnətlə hansısa prolemi bir dəfə həll etmək olar, əsas olan onu yaradanları orbitdən kənarlaşdırmaqdır.

Quliyev yəqin ki, indi çox əsəbidir. “Zirə” ilə oyundan sonra olduğu kimi… O zaman dini baxışları məsxərəyə qoyub publikaya “oynamışdı”. İndi isə publika qarşısında əsəblərini sakitləşdirməli, soyuqqanlılığını qorumalıdır. Ayaq üstə, oturaraq, uzanaraq – fərqi yoxdur, su içməli, sakitləşməli və azarkeşlərin ümidlərini alt-üst edən güvəndiklərini yola salmalıdır. Hətta CAS-dan müsbət cavab gəlsə də…

FƏRİD

Shares: