Dünən axşamdan mətbuatda “Turan Tovuz”un avrokubokdan kənarlaşdırılması ehtimalı ilə bağlı xəbərlər yazılır. İlk olaraq xitab.az-ın yaydığı məlumat artıq digər mənbələrdə də təsdiqlənir.

Futbolinfo.az xəbər verir ki, qərb klubu 32 ildən sonra döndüyü Avropa səhnəsinə buraxılmamaq təhlükəsi ilə üzləşib. Konfrans Liqasına vəsiqə əldə edən tovuzlular indi yerini “Zirə”yə verə bilər.

Olaylar 7 il öncə baş verən hadisələrə görədir. Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, “Turan Tovuz”un 7 oyunçusu – Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub. Tovuz təmsilçisinin Konfrans Liqasına gedən yolunu bağlayan qadağa da məhz bu hadisələrdən qaynaqlanır. Təxminən 10 gün əvvəl UEFA-dan “Turan Tovuz”a bununla bağlı məktub gəlib (sportinfo.az).

Klub qadağanın aradan qaldırılmasına çalışıb, bununla bağlı şikayət edib. Lakin vəziyyət yaxşı deyil. Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz bilgiyə görə, hətta şikayət üzrə CAS-da ilk məhkəmə prosesi baş tutub, rədd cavabı verilib. Yaxın 2-3 gündə növbətisi reallaşacaq.

Problemin həll olunmasında FIFA-da çalışan AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov da səy göstərir. Onun canfəşanlığı “Turan Tovuz”a sevgidən deyil, problem məhz onun zamanda, o qərb klubunun qeyri-rəsmi kuratoru olduğu vaxt reallaşıb, indi də məsələni yoluna qoymaq üçün cəhd göstərir.

UEFA “Turan Tovuz”u “qırmızı zona”ya salıb. Bu da o deməkdir ki, region komandası hətta növbəti sezonda ölkə çempionu olsa belə, yenə qitə arenasından kənarda qala bilər. Çünki Avropa futbol qurumu 7 nəfərin dəfələrlə “oyun alveri”nə girişməsini kollektiv surətdə nəticələri saxtalaşdırmaq hesab edir.

Klubun mətbuat xidməti deyilənləri təkzib edir. Media sözçüsü Süleyman Tağıyev “Futbolinfo”ya açıqlamasında UEFA-dan hər hansı məktub almadıqlarını bildirir.

Ümid edirik ki, xəbər yalan olar. Doğrudursa belə, məsələnin tez bir zamanda həllini arzulayırıq. Tovuzlu azarkeşlər bu məyusluğu haqq etmir. Lakin o da var ki, Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevin ətrafında nəsimilər olduğu müddətdə belə narahatlıqlar qaçılmazdır. Quliyevin səriştəli idarəçi komandası olsaydı, bu problemlər vaxtında aşkarlanar, yoluna qoyulardı. Bölgədə klub götürüb bütün rəhbər heyəti dəyişməklə, ora öz adamlarını yerləşdirməklə iş bitmir.

İndi Ehtiram bəy xərclədiyi 16 milyon manatın havaya sovrulmasını seyr edir. Amma bu, onun aldığı ilk zərbə deyil.

Quliyevin zamanında…

…Tovuz stadionunda projektor quraşdırdılar, qısa müddətdən sonra meydana yıxıldı, az qala faciəyə səbəb olacaqdı;

…Qazonu dəyişdilər, bir aya sıradan çıxdı, komanda bir neçə stadion dəyişdi və doğma arenada yalnız 3-4 matç keçirə bilib;

…Zədələnən Denis Marandiçini əməliyyat etdirdilər, məlum oldu ki, müalicə doğru getməyib, futbolçu iki ildir meydna qayıda bilmir, karyerası sual altına düşüb;

…Klubun adını dəyişirlər, tarixi kökə dönə bilmirlər, bu səbəbdən indiyədək “Turan Tovuz”u “Turan”a çevirmək mümkün olmayıb;

…Klubda nəvaxtsa futbol oynamış bir nəfər yoxdur, hamı Quliyevin yaxın ətrafıdır, onların etdiklərinin nəticəsi də ortadadır;

…İndi də avrokuboka gedə bilməmək təhlükəsi yaranıb.

 Klubun yalnız əla azarkeşləri var – bu idarəetmə isə onlara layiq deyil. İndi Ehtiram bət OTURUB SU İÇSİN və Elxan Məmmədovdan imdad gözləsin.

FƏRİD

Shares: