UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” ilk iki təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasında yer alacaq.
Futbolinfo.az saytı xəbər verir ki, vitse-çempionumuz “Ferentsvaroş”dan (Macarıstan) sonra I raundun ən yüksək reytinqli ikinci komandasıdır.
“Qarabağ” I təsnifat mərhələsini keçsə, növbəti raundda da güclülərin sırasında qərarlaşacaq. Hətta orada potensial rəqiblər arasında “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland) kimi tanınmış klublar da var.
III təsnifat mərhələsi ilə bağlı vəziyyət isə ilk iki raunddakı nəticələrdən asılı olacaq. 42.750 əmsala malik ağdamlılar indiki durumda III raundun səpələnməmişlərində görünür. Lakin təmsilçimiz burada da reytinqi aşağı olanlardan birinə rəqib ola bilər. Bunun üçün isə ilk iki raundda mübarizəyə başlayacaq komandalardan biri turnirlə erkən vidalaşmalıdır.
Hazırda yalnız “Reyncers” (Şotlandiya) və “Zalsburq”un (Avstriya) III təsnifatdan yarışa qoşulacağı dəqiqdir. “Ferentsvaroş”, “Benfika” (Portuqaliya), “Viktoriya” (Çexiya), “Midtyulland” (Danimarka) və PAOK (Yunanıstan) “Qarabağ”dan daha reytinqli komandalardır. Adları sadalananlardan birincilər ilk raunddan, digərləri isə II təsnifatdan mübarizəyə başlayacaqlar. Həmin komandalardan cəmi 1-i III təsnifat mərhəsinə qədər irəliləyə bilməsə, o zaman “Qarabağ” həmin raundda da nisbətən zəiflərlə qarşılaşmaq şansı əldə edə biləcək.
Qeyd edək ki, Avropa Liqasında ilk iki raundun püşkü iyunun 16-17-də, III təsnifat mərhələsinin püşkü isə iyulun 20-də atılacaq.





