Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək. Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq. Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub: Bosniya və Herseqovina – Macarıstan 2:2 (p. – 2:3), Bolqarıstan – Fransa 6:1, Polşa – Gürcüstan 1:1 (p. – 2:3), Ukrayna – Portuqaliya 3:1.
Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.






